Azərbaycan qanunvericiliyinə görə, ölkəmizdə rəsmi nikah yaşı 18 yaş müəyyən edilib və sonuncu dəyişikliyə görə, üzrlü səbəblər olduqda belə nigah yaşı 1 il azaldıla bilməz. Hər nə qədər qanuni addımlar atılsa və maarifləndirmə işləri aparılsa da, erkən nikah halları yaşanır. Bunun baş verməsi nigahsız qurulan ailələrin, nigahdan kənar dünyaya gələn uşaqların sayının artmasına, boşanma zamanı ana və övladın hüquqi baxımdan müdafiəsiz qalmasına gətirib çıxarır. Eyni zamanda erkən nigahla qurulan ailələrdə daha çox ailədaxili münaqişə və boşanma halları yaşanır. Bununla da erkən nigahlar cəmiyyətdə həssas sosial qrupların sayının artmasına səbəb olur. Unutmaq olmaz ki, azyaşlı uşaqları erkən nikaha və uşaq evliliyinə məcbur etmək, hətta ictimai müzakirələr zamanı belə hallara haqq qazandırmaq müasir, demokratik ölkələr üçün heç bir halda normal qəbul edilə bilməz. Bəs övladlarını erkən yaşda məcburi evliliyə zorlayan valideynləri nə kimi cəzalar gözləyir?
Bu mövzuda Sitat.info-ya danışan vəkil Samir Qasımov qeyd edib ki, erkən evlilik ölkəmizdə mövcud sosial problemlərdən biri olaraq qalır: "Əvvəllər cinayət qanunvericiliyində belə bir anlayış yox idi, ancaq bu yaxınlarda cinayət məcəlləsinə əlavə olundu. ”Qadını nikaha daxil olmağa məcburetmə” adı altında 176-2-ci maddə əlavə olundu. Burada qeyd olunur ki,16 yaşına çatmamış şəxsi nikaha daxil olmağa məcbur etmək artıq ayrıca məsuliyyətə səbəb olur və 2 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur”.
S.Qasımov bildirib ki, bunun digər hüquqi fəsadları da var: "Əgər şəxs 18 yaşına çatmamış nikaha daxil olursa, bu zaman artıq nikah rəsmiləşdirilə bilmir. Nəticədə həmin şəxs istər şəxsi hüquqlarından, istərsə də əmlak hüquqlarından məhrum ola bilir. Çünki nikah rəsmiləşmədiyi üçün birgə nikahdan irəli gələn əmlak hüquqları itirilmiş hesab olunur, ümumiyyətlə həyata keçirilə bilmir”.
Ekspert vurğulayıb ki, uşaq dünyaya gəldikdən sonra da onun doğumunun qeydə alınması zamanı qeydiyyat orqanında problemlər çıxa bilər: "Burada hətta uşağın taleyinə təsir edən nəticələrdən söhbət gedir. Ümumiyyətlə, bu sadəcə hüquqi tərəfləridir. Psixoloji, mənəvi, sosial tərəfləri də var”.
Vəkil xatırladıb ki, buna görə də qanunvericilikdə belə bir əlavə edilib: "Ancaq bu maddə iyulun 1-i 2025-ci ildən qüvvəyə minəcək. Müəyyən zaman verilib ki, insanlar bu maddəni nəzərə alaraq işlərini nizamlasınlar”.
Aytac,
Sitat.info