Alimentlə bağlı həbslər çıxış yolu deyil - Ekspert Aliment Fondunun yaradılmasını təklif etdi

14:03 21 Oktyabr 2024

Boşanma zamanı fərdlərin davranışına və münasibətlərinə təsir edən amillərin başında aliment ödəmək məsuliyyəti gəlir. Aliment uşağın ehtiyaclarını qarşılamaq məqsədi ilə ödənilir. Günümüzdə bir çox qadınlar aliment ala bilmirlər. Bu zaman isə polisə müraciət edilir, məsələ hüquqi müstəviyə daşınır, münasibətlər düşmənçilik səviyyəsinə qalxır.

Bu prosesi tərəflərin qarşılıqlı gərginləşməsinə imkan vermədən necə almaq olar? Məsələnin həlli yolu kimi, uzun illərdir  Aliment fondunun yaradılması müzakirə olunur. Belə ki, Fond analara aliment ödəyir və atalar müvafiq məbləği dövlət fonduna geri ödəyirlər. Beləcə mübahisəli tərəflərin də təması azalır və öhdəlik sadəcə dövlət qarşısında müəyyənləşir. 

Mövzu ilə bağlı Sitat.info-ya danışan sosioloq  Lalə Mehralı  bildirdi ki, hazırda bu məsələ hüquqi müstəvidə həll olunur: "Ölkədə xəbərdarlıq edildikdən sonra,  yenə də təkrar alimentdən yayınma ilə bağlı hallar olduqda cinayət işi açılır, şəxs məsuliyyətə cəlb olunur. Lakin bu məsələnin həlli deyil. Tutaq ki, şəxs cinayət məsuliyyətinə cəlb olundu, həbsxanaya düşdü. Bu ki, uşağın təminatını yaxşılaşdırmır. Aydındır ki, şəxs azadlıqda olanda alimenti ödəmirdisə, həbsxanada olanda  ümumiyyətlə ödəyə bilmir. Hesab edirəm ki, çıxış yolu  Aliment Fondunu yaratmaqdır. Bu cür fondlar artıq dünyanın bir çox ölkələrində var. Azərbaycanda da bu barədə söhbət çoxdan gedir. Hətta iki il əvvəl parlamentdə Ombusdman da bu barədə təklif vermişdi. Lakin hələ ki, heç bir irəliləyiş yoxdur". 

Ceyran,

Sitat.info



Xəbər xətti