Məlum olduğu kimi, hazırda dünyada gedən münaqişələrin idarə olunmasında ABŞ-ın rolu böyükdür. Eyni zamanda istər Yaxın Şərqdə gedən müharibənin, istərsə də, Rusiya-Ukrayna müharibəsinin dayandırılması birbaşa ABŞ-ın verdiyi qərarlardan xeyli dərəcədə asılıdır. Ağ Evdə isə hazırda çamadanb əhval-ruyhiyyəsi hökm sürür. Bayden prezidentliyinin son günlərini yaşayır, noyabrın 5-də keçiriləcək seçkilərin nəticələrinə uyğun olaraq hakimiyyətə ya Donald Tramp, ya da Kamala Harris gələcək. Trampın seçilməsi ehtimalları hazırda yüksək qiymətləndirilir və məhz onun dünyada gedən münaqişələrlə bağlı fərqli bir siyasi xətt tutacağı deyilir. Əgər Tramp hakimiyyətə gəlsə, Rusiya-Ukrayna müharibəsinin və Yaxın Şərqdəki müharibənin taleyi necə olacaq?
Sitat.info-nun sualını cavablandıran Ağ Partiya başqanı Tural Abbaslı bildirdi ki, Amerikanın siyasəti şəxslərə görə müəyyən edilmir: "Amerikanın ümumi bir strategiyası var və prezidentlərin kim olmasından asılı olmayaraq o strategiya davam edir. Təbii ki, şəxslərin bu və digər formada strategiyaya müdaxilə və ya yubatma, tezləşdirmə kimi imkanları olur.Tramp bir çox məsələlərdə münasibətini bildirib. Bilirik ki,əgər hakimiyyətə Tramp gəlsə, Rusiya-Ukrayna savaşında indiki iqtidar qədər Ukraynanın tərəfini tutmayacaq. Amma bu o demək deyil ki, Rusiyanın tərəfini tutacaq və ya Ukraynanı tək qoyacaq. Amma hər halda ola bilsin ki, Zelenskiyə və ya Ukraynanın rəhbərliyinə sülhlə bağlı basqılar eləsin, atəşkəslə bağlı hansısa təzyiqlər etsin”.
T.Abbaslı vurğulayır ki, Trampla Harrisin mövqeyi Yaxın Şərq məsələsində də fərqlənir: ”Heç kim iddia edə bilməz ki, Amerikada hansısa siyasi partiya, siyasətçi, siyasi qurum yəhudi dövlətinin, İsrailin əleyhinədir və hakimiyyətə gəlsələr Yaxın Şərqdə ədaləti bərpa edəcəklər. Qətiyyən belə deyil. Kim gəlir gəlsin, yenə İsraili dəstəkləyəcəklər, həm maddi, həm mənəvi, həm də psixoloji cəhətdən onun yanında olacaqlar”.
Partiya başqanı vurğulayıb ki, Tramp seçilərsə İsrailə daha çox dəstək verilə bilər: "Demokratlar insan haqlarına nisbətən dəyər verirlər və ola bilsin Kamala Harris gəlsə, İsrailin indiki özbaşınalığı nisbətən, bəlkə də cüzi şəkildə cilovlana bilər, Tramp gəlsə daha da davam edə bilər. Çünki Trampın kürəkəni Kuşner də yəhudi lobbisinin əsas fiqurlarından biridir. Bu baxımdan burada da cüzi dəyişikliklər, yanaşma fərqlilikləri ola bilər”.
Aytac Baxış,
Sitat.info