Sürət həddini aşan, qırmızı işıqda keçən sürücülərin törətdiyi qəzalar həm insan həyatı üçün ciddi təhlükə yaradır, həm də yollarda nizamı pozur. Belə halların artması yollarda həm piyadalar, həm də digər sürücülər üçün böyük risklər doğurur. Sürət həddinin aşılması və işıqfor qaydalarına əməl edilməməsi qəzalara səbəb olan əsas amillərdəndir. Doğrudur, qanunları pozan bu sürücülər ciddi inzibati cəzalarla üzləşirlər, ancaq bu heç də təhlükənin aradan qalxması demək deyil. Yolların daha təhlükəsiz olması üçün bu kimi pozuntulara qarşı tədbirlərin gücləndirilməsi zəruridir.
Bu mövzu ilə bağlı Sitat.info-ya danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, əksər hallarda qəzalar sürücülərin bilərəkdən etdiyi qayda pozuntularının nəticəsidir: "Əvvəlki illərdə apardığımız müşahidələrdən məlum olub ki, baş verən qəzaların əsas səbabkarı yol hərəkəti qaydalarını bilərəkdən pozan sürücülər və piyadalardır. İşıqforun işıqlarına məhəl verməmək, sürət həddini aşmaq, dönmə əməliyyatları zamanı işıq cihazlarını yandırmamaq, sükan arxasında telefonla danışmaq bilərəkdən qayda pozuntusudur”.
E. Cəfərov vurğulayıb ki, sürücülük məktəblərinə, kurslarına nəzarət artırılmalıdır:”Çox təəssüf ki,bəzi kurslar formal olaraq fəaliyyət göstərir. Bu səbəbdən düşünürəm ki, qəzaların sayını azaltmaq istəyiriksə sürücülük bacarıqlarını artırmağa, sürücülük mədəniyyətini inkişaf etdirməyə ehtiyac var. Bunların hamısı da sürücülük kurslarından ,sürücülük məktəblərindən başlayır”.
Aytac Baxış,
Sitat.info