Noyabrın 11-dən 22-dək Azərbaycan ilin ən əlamətdar hadisələrindən birinə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Lakin bu tarix yaxınlaşdıqca Azərbaycana qarşı qarayaxma kampaniyalarının genişlənməsi, COP29-a kölgə salmaq cəhdləri artır.
İstər cəbhə xəttində düşmən qüvvələrin fəallaşması, istərsə də, ölkənin daxili təhlükəsizliyi ilə bağlı tədbirlərin artırılması bu müddətin necə həssas olmasından xəbər verir.
Mövzu ilə bağlı Sitat.info-ya danışan deputat Hikmət Babaoğlu da bildirdi ki, COP29-un Azərbaycanda keçirilməsini manipulyasiya etməyə çalışan qüvvələr artıq başa düşdülər ki, bu mümkün deyil: "Onlar bu hücumlarına yavaş-yavaş son qoymağa başlayırlar, çünki nəticə etibarilə artıq bunu uğurla baş tutmuş tədbir hesab etmək olar. Avropanın bəzi kiçik ölkələrinin öz maraqları üçün, anti-Azərbaycan, İslamofob mərkəzlərlə əlbir olub verdiyi bəyanatlar heç bir işə yaramadı.Həm Norveçin verdiyi bəyanat, həm də Hollandiyanın verdiyi bəyanat nəticəsiz qaldı".
Deputat vurğuladı ki, tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı ən çox təzyiq edənlərdən biri də ABŞ idi: "Və nəhayət dünyanın ən böyük ölkələrindən, həmçinin dünya siyasətini təyin edən ölklələrdən biri olan ABŞ da bəyan etdi ki, biz heç bir zaman Ermənistan və Azərbaycan arasındakı sülhü COP29-la əlaqələndirməmişik. Mən düşünürəm ki, bu əslində Azərbaycanın qətiyyətli mövqeyinin etiraf olunması idi. Beləliklə, yarımçıq sülhü COP29- la əlaqləndirib, Azərbaycanı siyasi şantaja məruz qoymaqla uğur əldə etməyin mümkün olmadığı sübut olundu. Bu da Azərbaycanın gücünün göstəricisidir".
H.Babaoğlu əlavə etdi ki, qarayaxma kampaniyaları nə qədər artsa da, Azərbaycanın COP29- la bağlı hədəflərinə xələl gətirə bilməyib: "Bu qarayaxma kampaniyaları heç də Azərbaycanın COP29-la bağlı qarşısına qoyduğu məqsədlərə xələl gətirmədi, gətirə də bilməz. Nəticə etibarilə bu tədbir dünyanın bir nömrəli tədbiridir. Şübhəsiz ki, bu tədbirə Azərbaycan ən yüksək səviyyədə ev sahibliyi edəcək. Bakı tədbiri bu günə qədər keçirilmiş 28 COP tədbirlərinin ən mütəşəkkillərindən olacaq".
Fatima Zeynal,
Sitat.info