COP29 ərəfəsində xarici təhdidlər! - Ölkəmiz beynəlxalq tədbirə necə hazırlaşır?

14:03 23 Oktyabr 2024

Məlumdur ki, dünyanın müxtəlif güc mərkəzlərindən Azərbaycana qarşı ədalətsiz mövqe, ikili standartlar hər zaman olub.  Xüsusən COP29 ərəfəsində bəzi qüvvələr yenidən fəallaşıb. Ölkəmiz artıq beynəlxalq tədbirə yüksək səviyyədə hazırlıq həyata keçirib və dünyadan yüksək səviyyəli qonaqlar da iştiraklarını təsdiqləyiblər. Bəs belə bir məqamda Azərbaycana qarşı təxribatlar və təhdidlərin artması bizim  nə kimi tədbirlər görməyimizi şərtləndirir? 

Mövzu ilə bağlı Sitatinfo-ya danışan millət vəkili Arzuxan Əlizadə də bildirib ki, ölkəmizə qarşı kampaniyalar son dönəmlər geniş vüsət alıb: "İkinci Qarabağ müharibəsində əldə etdiyimiz uğur və qüvvələr nisbətinin Azərbaycan xeyrinə dəyişməsi bir sıra "güc dövlətlərinin" və onların nəzarətində olan beynəlxalq təşkilatların bu regionla bağlı planların üzərindən xətt çəkdi. Bu səbəbdən Azərbaycana yönəlik təhdidlər bir qədər güclənib. Müxtəlif platformalardan Azərbaycana qarşı kampaniyalar həyata keçirilir, bəzən bu olduqca iyrənc hal alır. Təəssüflər olsun ki, bu kampaniyalarda insan hüquq müdafiə təşkilatları, beynəlxalq qeyri-hökumət təşkilatları daha çox aktivlik göstərirlər və bu təşkilatların bir çoxu Amerikada mövcud olan erməni təşkilatları tərəfindən maliyyələşdirilir. Bu proses son dönəmlərdə xüsusilə geniş vüsət alıb". 

A.Əlizadə hesab edir ki, bu cür mövqe Azərbaycanın adekvat addımlar atmasını tələb edir: "Bu  məqsədlə Milli Məclisin "Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası" formalaşdırıldı. Bu gün komissiya tərəfindən "COP29-a qarşı hibrid təhdidlər" mövzusunda ictimai müzakirələr keçirildi. Burada konkret faktlarla Azərbaycana qarşı təhdidlər və bu təhdidlər arxasında dayanan qüvvələr, aparılan kampaniyada rol alan oyunçular diqqətə çatdırıldı. Xüsusilə də media nümayəndələrinə bununla bağlı əsas məlumatlar verildi. Təbii ki, vaxt yaxınlaşdıqca ciddi təhdidlərin və hətta bəzi anlarda təxribat xarakterli təhdidlərin ola biləcəyi istisna olunmu. Amma istənilən halda, Azərbaycan bu böyük tədbirə kifayət qədər ciddi hazırlaşır". 

Millət vəkili COP29 kimi böyük tədbirin keçirilməsi üçün Azərbaycanın yetərli təcrübəsi olduğunu da qeyd edib: "Böyük dövlətlərin başçıları, eyni zamanda hökumət başçıları və bir sıra rəsmi şəxslər, eləcə də, COP tədbirlərində ənənəvi olaraq iştirak edən müxtəlif təşkilatlar, onların nümayəndələri  öz iştiraklarını təsdiqləməkdədir. Bu gün BMT baş katibinin Azərbaycana gələcəyi ilə bağlı məlumat yayıldı. Tədbirdə iştirakla bağlı 32 mindən artıq şəxs öz iştirakını təsdiqləyib. Bu sayın iki dəfə artacağı gözlənilir. Bundan əvvəl də beynəlxalq tədbirlərə ev sahibliyi etmişik, yəni bu sahədə təcrübəmiz var. Azərbaycanda təhlükəsizlik məsələləri peşəkarca həyata keçirilir. Hər hansı  təxribatın baş vermə ehtimalının öncədən qarşısının alınacağına şübhəmiz yoxdur. Biz Azərbaycanda keçiriləcək COP29 tədbirinə layiqincə ev sahibliyi edəcəyik". 


Türkanə Muradlı
Sitat.info



Xəbər xətti