Son illərdə ibtidai siniflərdə tədris proqramının ağırlığı valideynlərin və müəllimlərin narahatlığına səbəb olub. Uşaqların yaş səviyyəsinə uyğun olmayan dərsliklər və çətin tapşırıqlar onların müstəqil çalışmasına mane olur. Bəzi valideynlərin savadı övladlarına dərslərində kömək etməkdə yetərsiz qaldığından, şagirdlər aşağı yaşlardan repetitor yanına getməyə məcbur olur. Bu da ailənin təhsillə bağlı xərclərinin artmasına, ümumi rifahının azalmasına gətirib çıxarır. Eyni zamanda dərslərin çətinliyi şagirdlərin gözünü qorxudur, özgüvənini zədələyir və təhsilə daha soyuq yanaşmasına gətirib çıxarır.
Sitat.info -ya açıqlamasında mövzulə bağlı danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib ki, ibtidai siniflərdə ağır dərs proqramı, verilən tapşırıqların kəmiyyət və çətinlik dərəcələrinə görə çoxluğu həqiqətən də ciddi problemlərdəndir: “ Ailəsi, yaxud, yaxın çevrəsində ibtidai siniflərdə təhsil alan şagird olan şəxslər bu prosesin çətinliyini az qala hər gün yaşamış olurlar. Hələ bu azmış kimi, bəzi ibtidai sinif müəllimləri şagirdəri tədris proqramından əlavə tapşırıqlarla da yükləməkdən çəkinmirlər. Onlar bunu guya şagirdin materialı daha yaxşı mənimsəməsi üçün etdiklərini əsas göstərsələr də, onun zehninə, psixikasına nə dərəcədə ağır zərbə vurduqlarından xəbərsizdirlər".
Ekspert vurğuladı ki, ibtidai siniflərdə tədris proqramının ağırlığı bu seqmentdə repetitor asılılığını da gücləndirdi: "Çünki 6-10 yaş aralığında olan azyaşlıların heç də hamısı zehni və psixoloji hazırlıqları həm kəmiyyət , həm də ağırlıq göstəricilərinə görə getdikcə artmaqda olan proqramı, tapşırıqları yerinə yetirmək gücündə deyil. Bu, bir tərəfdən ibtidai sinif müəlliminin işini çətinləşdirsə də, digər tərəfdən onun dərsdən kənar repetitorluğuna şərait yaratmış olur”.
E.Nuri əlavə edib ki, ümumilikdə ibtidai siniflərdə ağır tədris prosesinin iki əsas səbəbini deyə bilərik: “Ev tapşırıqlarının həcmi və təqdim olunan mövzuların yaş nisbətinə görə qəlizliyi... Bu iki faktor azyaşlıya eyni anda təlqin olunduqda nəinki onların, hətta valideynlərinin də çox əziyyət çəkdiklərini, övladları ilə bərabər özlərinin də yeni tədris proqramını öyrəndiyinin şahidi oluruq. Bu iki səbəb öz yerində. Subyektiv fikrimə əsasən, ibtidai tədrisi ağırlaşdıran əsas səbəb onun demək olar ki, bütünlüklə yaddaşa yönəlik aparılması, dərsliklərin məhz bu meyar əsasında hazırlanmasıdır. Bu, yolverilməzdir! Deyə bilərəm ki, hətta bağışlanmaz bir faktordur. Çünki insan şəxsiyyətinin formalaşmasının böyük hissəsi, onun şüuraltı dünyasının qurulmasının əsas periodu, məhz ibtidai təhsildə oxuduqları dövrə düşür. Biz bu mərhələdə onlara sağlam düşüncəni formalaşdırmaq, onu düzgün emal edərək qarşı tərəfə rahatlıqla çatdırmaq, prosesin özünü deyil, səbəbini qiymətləndirməyi öyrətmirik, məhz yüklənmiş yaddaşı “hədiyyə edirik”. Bu detal artıq təhsil dünyasının arxivinə getməlidir. Şagirdin yaddaşla yüklənməsi onun sabah mütləq uğurlu bir fərd ola biləcəyi anlamına gəlməməlidir. Əksinə, bu proses davamlı təkrarlandıqca şagirdi zehni və psixoloji baxımdan bir az da axsadacaq.
Bu gün ibtidai siniflərdə tədris olunan "Azərbaycan dili", "Həyat bilgisi" kimi fənnlər şagirdi yaddaş prizmasından həddindən artıq yükləyir. Digər tərəfdən riyaziyyat, xarici dil fənlərindən kompleks mövzulara sürətli keçid uşaqların zehni yorğunluğuna səbəb olur “.
E.Nurinin fikrincə ibtidai siniflər üçün hazırlanan dərsliklərdə bu iki məsələyə - yaddaşa yönəlik xəttin azaldılmasına və kompleks mövzuların minimallaşdırılmasına ciddi ehtiyac vardır: “Mövzuların bütün ibtidai sinif dərsliklərində interaktiv, yarı əyləndirici formada, həmçinin, oyun tipli metodlarla əks edilməsi daha məqsəduyğundur. Əks halda, biz təhsilin onurğa sütunu olan ibtidai tədrisdən çox da böyük fayda gözləyə bilmərik “.
Aytac Baxış,
Sitat.info