Suriyada müxalifətin silahlı hücumu ilə Əsəd rejimi devrildi, Bəşər Əsəd Rusiyaya gedərək sığınacaq istəmək məcburiyyətində qaldı. Bu çevrilişdən sonra illərdir Əsəd hakimiyyətinin zülmünə məruz qalan Suriya xalqını nə gözləyir? Yaxın Şərqin əsas düyün nöqtəsi olan və böyük güclərin maraqlarının toqquşduğu ölkənin taleyi necə olacaq?
Hazırda hər kəsi düşündürən bu sualı Sitat.info-ya açıqlamasında cavablandıran siyasi şərhçi Əhəd Məmmədli bildirib ki, Suriyada baş verənlər həqiqətən önəmli tarixi hadisələrdir:
"Şuşanın azad edilməsindən sonra Suriyada gedən bu proseslər müsəlman coğrafiyasında və Türkiyə geopolitik arenasında ən böyük mərhələdir. Əsəd rejimi qısa müddətdə dağıldı. O, Ərəb baharında ayaqda qalan yeganə siyasi lider idi. Bu, həmin rejimin daxildən nə qədər çürük olduğunu və xarici dəstək olmadıqda qısa zamana yıxıldığını göstərdi”.
Politoloq qeyd edib ki, bu proseslər həm də, xarici dəstəyin o qədər də güclü olmadığını göstərdi: "Çünki xarici dəstək verən dövlətlər hazırda özləri öz cəbhələrində öz problemlərinin həlli ilə məşğuldurlar. Həm də bu proseslər Türkiyənin güclənməsindən xəbər verir. Bu proses təkcə Rusiya və İranın zəifləməsi yox, onların problemlər içində olması yox, həm də, Türkiyənin güclənməsindən, daha da irəliləməsindən xəbər verir”.
Ə.Məmmədlinin sözlərinə görə, bu məsələ dünyada və regionda bu cür də qiymətləndirilir: "Mənim fikrimcə, artıq Türkiyə güclü tərəfdədir. Əsəd rejiminə bəraət qazandırmağa çalışanlar var. Həmin şəxslər bildirirlər ki, terrorçulara qarşı savaşırlar və s bu kimi ifadələr işlədirlər. Hələbi azad edənlər hələblilər idi. Ötən illərə aid video kadrlarda kiçik uşaqların, “Biz Hələbə qayıdacağıq” dediyini görürük. Gördünüzmü, həmin uşaqlar böyüdü və Hələbi azad etdilər".
Ə.Məmmədli bildirib ki, bu kadrlar bizə 1993-94-cü illərdə də Qarabağdan köçkün düşən uşaqları xatırladır: "Onlar da böyüdülər və Qarabağı azad elədilər. İndi də həmin vəziyyətə oxşar bir vəziyyətdir. İndi biz bu vəziyyəti Suriyada müşahidə edirik. Əsəd rejiminə bəraət qazandıranlara sual verirəm. Əsəd rejimi 2016-2020-ci ilə qədər üstün bir dönəm yaşayırdı. Ortaya sual çıxır ki, həmin illərdə ordusunu niyə gücəndirmədi? Niyə silahlandırmadı? Niyə ideoloji və hərbi cəhətdən gücəndirmədi? Çünki bu, içi boş rejimdir. Çünki Əsəd heç vaxt öz dövlətinin idarəçiliyinə ciddi yanaşmayıb. Öz hakimiyyətinə ciddi yanaşa bilər, amma dövlət baxımdan ciddi yanaşmadı. Dara düşən kimi qaçıb, ondan bundan kömək istəyib, amma müstəqil güclü dövlət qurmayıb. Bəlkə də o, 2020-2024 -cü illərdə atəşkəs elan edildikdən sonra, ordusuyla ideoloji və hərbi baxımdan ciddi məşğul olsaydı, əlavə olaraq da, xalqının yaşamını yaxşılaşdırsaydı, sülhverici mesajlar versəydi vəziyyət bu cür olmazdı. Əsəd rejimi bildirir ki, Ərdoğanla danışmırıq. Niyə? Guya Ərdoğanı rədd edirlər, guya bu qalib gəlibmişdilər və artıq Ərdoğanı rədd edirdilər. Bu uşaqca davranışdır. Dərin siyasətçi bu cür münasibət göstərməz. İndi həmən o münasibətin qurbanı oldu. Ona görə bu rejimə heç cür bəraət qazandırmaq olmaz. Sırf eyni məzhəbə sahibdir olduqda, buna bəraət qazandırmaq olmaz. Onda gəlin Səddam Hüseynə də, Qəddafiyə də bəraət qazandıraq? Yəni diktatorlar faciəvi şəkildə məğlub olurlarsa, sonluqları faciəvi olurlarsa, demək onlar buna layiqdirlər, haqq edirlər. Deməli bunların hardasa, nə vaxtsa səhvləri olur və o cür sonluğa düçar olurlar. Eynən də indi biz Əsədin bu sonluğunu gördük".
Siyasi şərhçinin fikrincə, Türkiyə, İran, Rusiya Xarici İşlər Nazirlərinin və digər dövlət adamlarının görüşmələri artıq Türkiyənin güclü tərəf olduğunu göstərir: "2020-ci ildəki Astana razılaşmasından fərqli olaraq bu dəfə güclü tərəf İranla Rusiya yox, Türkiyədir. Türkiyə məcbur etdi ki, Əsəd hakimiyyəti könüllü şəkildə hakimiyyəti təhvil versin. Necə ki, Əfqanıstanda da eyni hadisə baş verdi. Amerika öz oyuncaq müttəfiqini Talibana peşkəş elədi. Eynən də Rusiya və İran öz oyuncaq müttəfiqi Əsədi Suriya müxalifətinə peşkəş etdi. Bunu həm də Türkiyənin tələbi ilə etdilər".
Tehran Yusifli,
Sitat.info