Türkiyə üçün həlledici il: Terrora son qoyulur...

15:15 6 Yanvar 2025

Türkiyənin “Haber Global” televiziya kanalının saytında dərc olunan “Fürsətlər də var, risklər də. 2025 terrora son qoymaq ilidirmi?” sərlövhəli məqalədə yazılıb ki, Türkiyə 2025-ci ildə terrora tamamilə son qoya bilər.

Qeyd olunub ki, Türkiyə yeni ilə terrora tamamilə son qoymaq hədəfi ilə başlayır: “Türkiyə həm ölkə daxilində, həm də xaricdə terrora son qoymaq üçün çoxtərəfli addımlar atır”.

Məsələ ilə bağlı “Haber Global”a danışan təhlükəsizlik eksperti Abdulla Ağarın sözlərinə görə, Suriyanın yeni hakimiyyəti terror təhdidini tamamilə aradan qaldırmasa, Türkiyə istədiyi vaxt yeni əməliyyata başlaya bilər: “Artıq bu nöqtəyə gəlib çıxmışıq”.

Daha əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan belçikalı həmkarı Bernar Quintenlə birgə mətbuat konfransında deyib ki, Suriyadakı terror təşkilatlarının fəaliyyətinə son qoyulmalıdır.

Məlum olduğu kimi, Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada yeni reallıq yaranıb. Bu reallıq Türkiyənin öz maraqlarına uyğun olaraq Suriyanın şimalını terrorçulardan təmizləməyə şərait yaradır.

Əvvəl də dediyimiz kimi, Ankara buna nail olmaq üçün Suriyanın yeni hakimiyyəti ilə təmasları intensivləşdirəcək. Bu kontekstdən Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın və xarici işlər naziri Hakan Fidandan sonra Prezident Rəcəb Tayyib Ərdoğanın da Suriyaya səfəri gözləniləndir.

İndiyədək Suriyanın terrorçulardan tam təmizlənməsinə mane olan əsas məsələ məhz Əsəd rejimi idi. İndi belə bir problem yoxdur. Odur ki, Ankara terrora qarşı mübarizəsini gücləndirəcək. Bunun üçün həm diplomatik, həm də hərbi səylər ortaya qoyulacaq.

Suriya və İraqın terrorçulardan təmizlənməsi Türkiyə üçün strateji əhəmiyyətli məsələdir. Bu, perspektivdə Türkiyədəki qaçqınların ölkələrinə qayıdışını sürətləndirəcək. 

2025- ci ildə Türkiyə Suriya və İraqın terrorçulardan təmizlənməsində ciddi nəticə əldə edə bilər. Hətta terror bəlasına tamamilə son qoyulması da mümkündür.

İndiki məqamda Türkiyə üçün beynəlxalq dəstək çox vacibdir. Əgər lazımi dəstək verilərsə, bu, Ankaranın işini xeyli asanlaşdıracaq.

Siyasi şərhçi Kənan Novruzov,

Xüsusi olaraq Sitat.info üçün...



Xəbər xətti