Necə edək ki, həm fermer qazansın, həm də qiymətlər alıcıya əlçatan olsun? İqtisadçıdan mühüm TƏKLİF

08:26 7 Noyabr 2022

Paytaxt bazarlarında kənd təsərrüfatı məhsullarının qiyməti ilə rayonlarda fermerdən sahədə alınan məhsulun qiyməti arasındakı fərq bəzən 4-5 dəfə yüksək olur. 300-400 kilometr rayondan Bakıya yol gələn məhsulun piştaxtaya çatana qədər bir neçə dəfə əl dəyişməsi, hər dəfə üzərinə qazanc üçün əlavə pul qoyulması, logistikası və sair  bəlli məsələlər olsa belə, yenə də bu qədər fərq normal deyil. Ən mənfi cəhəti isə odur ki, bu yüksək qiymətdən fermerə çox az pay düşür. Əvəzində isə yüksək qiymət alıcılığı öldürür, tələbat azalır və qısamüddət ömrü olan məhsul fermerin əlində çürüyüb gedir. Necə etmək olar ki, fermer məhsulunu özü bazara çıxarsın? Azərbaycanda böyük kəndli təsərrüfatlarının, assosiasiyaların yaranması niyə mümkün olmur?

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, Azərbaycan Kənd təsərrüfatı Nazirliyinin "Tarladan Süfrəyə" konsepsiyası var idi, lakin o da effekt vermədi: "Təəssüf ki, bu konsepsiyanı reallaşdırmaq hələ də mümkün olmayıb. Regionlardan Bakıya gələnə qədər meyvə-tərəvəzin qiymətinin artdığını görürük.  Bunun obyektiv səbəbləri də var. Logistik xərclər, yol xərcləri onun üstünə gəlir və heç də həmişə fermerlərə az həcmli məhsulu bazara gətirmək də sərt etmir. Bunu da nəzərə almaq lazmdır. Məsələn meyvəçiliklə məşğul olan fermerlər hər gün 2-3 yeşik öz meyvələrini toplayırlar. Bunu hər dəfə satış üçün Bakıya gətirməsi daha baha başa gəlir. Ona görə də yerlərdə həmin meyvəni toplayanlara satmaq onlar üçün daha məqbuldur".

Ekspertin sözlərinə görə,  bunu daha sivil formada həyata keçirmək də mümkün ola bilər: " Məsələn fermerlər özləri bir şəbəkə qursa daha yaxşı olar. Hər gün eyni kənddə 10 nəfər meyvəçiliklə məşğuldursa, onların hamısının  Bakı bazarlarına gəlməsinə ehtiyac yoxdur. Növbəlilik sistemi ilə bir nəfər bütün məhsulları Bakıya gətirib daha böyük həcmdə sata bilər. Bunu üçün infrastruktor qurulmalıdır. Bunun qurulması o qədər də çətin deyil. Fermərlərin marağı olsa, onlara dəstək olunsa bu infrastruktrun qurulması mümkün ola bilər".

Safura Bənnayeva

Sitat.info



Xəbər xətti