Bu oyunda 25-26 il əvvələ qayıtdım - Qurbanov

18:03 9 Noyabr 2022

Bütün tovuzlulara yaratdıqları ab-havaya görə təşəkkür edirəm. 25-26 il əvvələ qayıtdım.

Sitat.info Report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış oyundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis burada xoş xatirələrinin olduğunu söyləyib: "Uzun illərdir görmədiyim insanları gördüm. Mənim üçün çox xoş oldu. Hər birinə təşəkkür edirəm. Tovuzdan həmişə razı qalmışam. Rəqibə uğurlar arzulayıram. Bu azarkeşlər yaxşı nəticələrə layiqdirlər".

Qarşılaşma ilə bağlı fikirlərini bölüşən Qurbanov vacib 3 xal qazandıqlarını vurğulayıb: "Yorğun səfər idi. 3 gündən bir oyunlarımız olur. Buna baxmayaraq, futbolçular qalib gəlməyi bacardı. Təəssüf ki, yorğunluğumuz bir az da artdı. Xüsusilə də süni örtükdə. Azarkeşlərimizə təşəkkür edirəm. Ayxan Abbasov və komandasına uğurlar arzulayıram".

Matçın sonlarında zədələnən Şahruddin Məhəmmədəliyevin durumuna toxunan baş məşqçi 28 yaşlı qapıçının ağrılarının olduğunu və çox da rahat hərəkət edə bilmədiyini əlavə edib: "Bir az halsızlaşmışdı. İndi özünə gəldi. Bakıya qayıtdıqdan sonra dəqiq diaqnoz qoyulacaq. Meydança yeni olsa da, süni örtük ağırdır. Mən bunun tərəfdarı deyiləm. Marko Veşoviç də ilk hissədə ağrılar hiss etdi. Bunlar futbolçunu çox geri salır. "Turan Tovuz"un da 7 futbolçusu zədəlidir. Onlar burada məşq edirlər. Bundan çıxış yolu tapmaq lazımdır. Belə meydandakı oyundan 5-6 gün keçdikdən sonra futbolçular özlərinə gəlir. Əlavə yüklənirlər və mikro zədələr çox olur. Bütün meydançalarımızın təbii örtüklü olmasını istəyirəm".

Qurbanov növbəti turda "Sabah"a qarşı keçirəcəkləri oyundan da söz açıb: "Çalışacağıq ki, komandanı maksimum bərpa edək. Güclü rəqibə qarşı gözəl oyun göstərmək istəyirik. Hələ vaxtımız var. Əvvəlki matçda rotasiyalar olmuşdu. “Sabah”la görüşdə də bu mümkündür. Amma inanmıram ki, qlobal dəyişiklik olsun".

O, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskinin Kiyev "Dinamo"sunun Azərbaycanda yerli klublardan biri ilə yoldaşlıq oyunu keçirə biləcəyi barədə səsləndirdiyi fikirlərə də münasibət bildirib: "Belə komandalarla yoldaşlıq oyunları bizim üçün xoş olar. Amma öz cədvəlimiz var. Uyğun olan vaxtda bunu edə bilərik. Futbolçularımızı nəzərə almalıyıq. Boş vaxtımız olsa, məmnuniyyətlə qəbul edərik. İşimizə mane olacaqsa, yaxınlarda gözlənilmir. Ümumiyyətlə, müzakirə etmək olar".

Mütəxəssis transfer məsələsinə də toxunub: "Yorğunluqla bağlı sözlərim şikayət kimi qəbul olunmasın. Reallıqları deyirəm. Bir neçə futbolçu cəlb etməyi çox istərdik. Heyətdə 22-23 oyunçu olsa da, bəzən əlimizdə 14-15-i qalır. Daim uğur qazanmaq üçün heyətin geniş olması şərtdir. Bütün xətlərə oyunçu axtarırıq. Hər şey idealdır deyə bir düşüncəmiz yoxdur. Həmişə əlimizdə olanları daha yaxşı səviyyəyə çatdırmağa çalışmışam. Mənim üçün ürəyini meydanda qoyan, kluba sadiq insanlar çox önəmlidir. Rəqabəti daha da aktivləşdirmək istəyirik. Amma əlimizdə olanlara da güvənirik".

O, ötən çempionatla hazırkı mövsümü də müqayisə edib: "Oyun sayı artıb. Bu, sevindirici haldır. Bölgələrə gəlmək futbolumuz üçün çox xoşdur. Keçən il avrokubokda yaxşı mövsüm keçirdik. Demək olar ki, o tempi qoruyub saxlaya bilmişik. Builki avrokubok oyunlarımız daha baxımlı oldu. Çox güclü rəqiblərlə qarşılaşdıq. Hər matç böyük ajiotaja səbəb oldu. Hər yerdə bizim oyunlarımızı isləmək üçün xeyli sayda azarkeş yığılırdı. Bu da rəqiblərin ciddiliyi ilə əlaqədardır. Bu, Azərbaycan futbolunun inkişafı üçün böyük təkandır. Azarkeşlərə futbolu sevdirmək lazımdır. Çempionatın səviyyəsinə gəldikdə, 13 qələbə qazansaq da, bizim üçün elə də asan olmadı. Bütün matçlarda futbolçular əziyyət çəkdi. İnkişaf görürəm. Yerli futbolçularımızın sayı çoxalıb. Ustalıq səviyyəsi çox olmaya bilər, amma təcrübə artdıqca yaxşılaşacaq. Bütün klubların həm maddi, həm struktur cəhətdən daha yaxşı olmasını arzu edirəm".

"Qarabağ" ardıcıl 13 qələbə ilə Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb. Lakin Qurbanov statistikaya bir o qədər önəm vermədiyini deyib: "Bilirəm ki, hər oyun qalib gəlmək lazımdır. Futbolçuları tam aktiv oyuna hazırlamağa çalışırıq. Qarşıda bizi çətin matçlar gözləyir. Dayanmalı deyilik. Keçmiş statistikaya yönəlməməli, qarşıdakı matçlara istiqamətlənməliyik".



Xəbər xətti