Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Rusiyaya qarşı müharibənin davam etdiyi Ukraynada Rusiya qüvvələrinin geri çəkilməsindən sonra Ukrayna ordusunun nəzarətinə keçən Xerson və ətrafındakı insanların ağır şərtlərlə üzləşdiyini bildirib.
Sitat.info xəbər verir ki, Cenevrə BQXK-dan verilən yazılı açıqlamaya görə, BQXK Xersona tibb işçiləri və su mühəndislərindən ibarət qrup, həmçinin partlayıcı sursat və minalarla bağlı risklər üzrə ekspertlər göndərib.
Xersona və onun bölgəsinə yardım çatdıran BQXK-nın nümayəndə heyəti oradakı humanitar vəziyyəti də qiymətləndirib.
BQXK-nın Ukraynadakı nümayəndə heyətinin rəhbəri Stefan Sakalyan deyib: "Xersonda böyük ehtiyac var. Biz burada çox çətin şərtlərlə üzləşən insanlar, könüllülər və tibb işçilərinin də inanılmaz dözümlülüyünü gördük".
BQXK Rusiya qüvvələrinin çıxarılmasından sonra ağır şəraitlə üzləşən Xerson bölgəsinə 3 ay ərzində 500 yaralı və 2000 əsas tibbi xidmətə ehtiyacı olan xəstəni müalicə etmək üçün tibbi ləvazimatlar göndərib.
Rayondakı psixiatriya xəstəxanasına 600 qida bağlaması və gigiyena dəsti çatdırılıb.
Ukraynanın milli enerji şirkətinin rəsmilərinin BQXK-nın nümayəndə heyətinə verdiyi məlumata görə, Rusiya qüvvələri ötən həftə sonu Xersonu tərk etməzdən əvvəl kritik enerji infrastrukturunu da məhv ediblər.
Seymur Bənnayev,
SİTAT.İNFO