Avropa Parlamenti Rusiyanın “terrorçu dövlət” kimi tanınması ilə bağlı qətnamə hazırlayıb və noyabrın 23-də Strasburqda keçiriləcək sessiyada ona səs vermək niyyətindədir.
Sitat.info xəbər verir ki, bu barədə cümə günü keçirdiyi brifinqdə Avropa Parlamentinin mətbuat katibi Delfin Kolard bildirib.
"Çərşənbə günü Avropa Parlamentinin deputatları Ukraynada mülki hədəflərə genişmiqyaslı hücumların intensivləşməsi səbəbindən Rusiyanı terrorizmi dəstəkləyən dövlət kimi xarakterizə edən qətnaməyə səs verəcəklər" - dedi.
Qeyd edək ki, Avropa Parlamentinin qətnamələri hüquqi qüvvəyə malik deyil və məsləhət xarakteri daşıyır, lakin konkret siyasi mövqelərin təşviqi və yayılması üçün Avropa İttifaqının media və siyasi mühitində geniş istifadə olunur.
Səid İsaoğlu,
SİTAT.İNFO