Almaniya Polşaya Patriot raketdən müdafiə sistemi göndərəcək

23:49 21 Noyabr 2022

Almaniyanın Polşaya “Patriot” raketdən müdafiə sistemi göndərəcəyi bildirilir.

Sitat.info xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin Tvitter hesabından verdiyi açıqlamaya görə, müdafiə naziri Kristin Lambrechtin polşalı həmkarı Mariuş Blaşçak ilə görüşündə Almaniyanın Polşanın hava məkanının təhlükəsizliyinə Patriot raketdən müdafiə sistemləri və Eurofighter döyüş təyyarələri ilə dəstək vermə təklifi müzakirə edilib.

"Biz Polşalı həmkarım Mariuş Blaşçak ilə Polşaya Patriot hava hücumundan müdafiə sistemləri göndərmək və Polşanın hava məkanının Eurofighters ilə qorunmasını dəstəkləmək barədə razılığa gəldik", - müdafiə naziri Lambrecht bildirib.

Lambrecht qeyd edib ki, iki ölkənin ekspertləri detallar üzərində birgə işləyəcəklər.

Noyabrın 15-də raket Polşanın Ukrayna ilə sərhədində yerləşən Prjewodow kəndinə dəydikdən sonra Almaniya hava məkanını qorumaq üçün Polşaya Eurofighter döyüş təyyarələri və Patriot müdafiə sistemi ilə dəstək verməyi təklif edib.

Polşanın müdafiə naziri Blaşçak da Almaniyadan “Patriot” raketdən müdafiə sisteminin quraşdırılması təklifini səbirsizliklə gözlədiklərini bildirib və sistemin Ukrayna sərhədinə yerləşdirilməsini təklif edəcəyini bildirib.

Seymur Bənnayev

SİTAT.İNFO



Xəbər xətti