Rusiya və Ukrayna arasında yenidən əsir mübadiləsi

22:33 23 Noyabr 2022

Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi aparıldığı açıqlanıb.

Sitat.info-nun məlumatına görə,  Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukrayna tərəfi ilə aparılan danışıqlar nəticəsində 35 rus əsgərinin azad edildiyi bildirilib.

Açıqlamada, lazımi tibbi və psixoloji dəstək alan əsgərlərin nazirliyə aid təyyarələrlə paytaxt Moskvaya aparılacağı bildirilib.

36 Ukrayna vətəndaşı azad edilib

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak Telegram kanalında verdiyi açıqlamada, "Biri mülki, 35-i əsgər olmaqla, ümumilikdə 36 vətəndaşı evlərinə gətirdik" dedi. 

Onların arasında Ukraynanın Mariupol şəhərindəki Azovstal fabrikində döyüşənlərin və müharibənin ilk günlərində Çernobıl Atom Elektrik Stansiyasında əsir düşən əsgərlərin olduğuna diqqət çəkən Yermak, 8 aydır əsirlikdə olan vətəndaşları xilas edə bildiklərini vurğulayıb. 

Qeyd edək ki, noyabrın 3-də Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi çərçivəsində 107 Rusiya və 107 Ukrayna əsgəri qarşılıqlı olaraq azad edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti