Ermənistan nəhayət etiraf etməlidir ki, onun iki stulda oturmaq, yəni müxtəlif tərəfdarlar arasında balans yaratmaq cəhdləri sonda əks nəticələrə gətirib çıxaracaq.
SİTAT.İNFO Trend-ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pərvin Mirzəzadənin ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri postunu bir müddət əvvəl itirmiş və təxribat xarakterli hərəkətləri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına qarşı yönəlmiş Nensi Pelosi ilə bağlı məqaləsində deyilir.
Onun sözlərinə görə, ABŞ-dakı erməni diasporunun “böyük dostu” və separatçılığın tərəfdarı olan Nensi Pelosi ermənipərəst lobbinin fəal üzvü kimi ABŞ Konqresində daim Ermənistanın lehinə çıxış edib, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinin təxminən 20 faizini işğal etməsi, 1 milyona yaxın dinc sakini oradan qovması faktı barədə fikir bildirməyib.
"Ermənistan həmişə Pelosini ABŞ-da diaspordan “az” pul müqabilində istənilən vaxt Türkiyə və Azərbaycan əleyhinə istənilən təşəbbüsü dəstəkləməyə hazır olan əsas erməni lobbiçisi hesab edib", - P.Mirzəzadə yazıb.
Xüsusi tapşırıqlar üzrə səfir haqlı olaraq bildirib ki, Ermənistanın Azərbaycanın sülh təkliflərini qəbul etmək və regionda uzunmüddətli sülh və sabitliyə gətirib çıxaracaq dialoqa başlamaq imkanı var.
"Pelosinin yaşını nəzərə alsaq, onun Ermənistanı daha da “demokratikləşdirməyə” vaxtı azdır. Lakin, təbii ki, o, vaxtaşırı Konqres iclaslarında erməni diasporunun ianələrindən istifadə edərək Azərbaycana və Türkiyəyə qarşı erməni dostlarını dəstəkləyəcək. Erməni dostları ona arxayınlıqla “əlvida Nensi, əlvida!” “çoxdan gözlədik və ümid etdik, siz isə liderlərindən biri olduğunuz Demokrat Partiyasının dəstəyi ilə səs qazana bilməyərək bizi məyus etdiniz" deyə bilərlər", - P.Mirzəzadə vurğulayıb.