Rusiya etiraf etdi: Ukrayna ordusu fəal müqavimət göstərir

22:30 22 Dekabr 2022

Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri əhəmiyyətli itkilərə baxmayaraq, ABŞ və müttəfiqlərinin artan köməyi ilə fəal müqavimət göstərir.
Sitat.info xəbər verir ki, Gerasimov Rusiya Müdafiə Nazirliyində xarici ölkələrin hərbi ataşşeləri üçün təşkil etdiyi brifinqdə Ukraynadakı müharibə ilə bağlı açıqlamalar verib.

Rusiya ordusunun “xüsusi hərbi əməliyyatı” davam etdirdiyini bildirən Gerasimov toqquşmaların geniş bir bölgədə baş verdiyini və əvvəlkindən şiddətli olduğunu qeyd edib.

Heyət və hərbi texnika ilə bağlı ciddi  itkilərə baxmayaraq, ABŞ və müttəfiqlərinin artan hərtərəfli hərbi yardımı və səfərbərlik tədbirləri ilə Ukrayna ordusunun aktiv müqavimətini davam edir - deyib Gerasimov.

"Bu gün ABŞ və müttəfiqləri münaqişəni uzatmaq üçün Kiyevə hərbi yardımın həcmini durmadan artırırlar.

Ukraynaya ümumi xarici maliyyə yardımı təxminən 100 milyard dollar təşkil edib. Silah tədarükündə ən mühüm töhfə ABŞ, İngiltərə, Polşa və Rumıniyadan gəlir”.

Gerasimov, indiyədək 4 təyyarə, 30-dan çox helikopter, 350-dən çox tank, 1000-ə yaxın zirehli döyüş maşını, ən azı 800 zirehli avtomobil, 700-ə yaxın artilleriya sistemi, 100 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 130 min tank əleyhinə sistemi 5300-dən çox portativ hava silah sistemi və ən azı 5 min pilotsuz uçuş aparatının (PUA) Ukraynaya çatdırıldığını bildirib.

Gerasimov qeyd edib ki, rus əsgərləri bütün gücünü (qondarma) Donetsk Xalq Respublikasının ərazisinin "azad edilməsinə" yönəldib.

Bundan əlavə Gerasimov gələn il Belarusla “Qərb-2023” və “Qalxan-2023” təlimlərini keçirəcəkləri barədə paylaşım edib.

Məğrur, 

Sitat.info



Xəbər xətti