Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili müalicə aldığı klinikadan rusiyalı müxalif siyasətçi və hüquq müdafiəçisi Mark Feyginə məktub göndərib.
Sitat.info Gürcüstanın “Interpressnews” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı və məktubun fotosunu Feygin öz feysbuk hesabında paylaşıb.
Məlumata görə, Saakaşvili öz məktubunda Rusiya hakimiyyəti tərəfindən zəhərləndirildiyini iddia edib.
“Amerikalı toksikoloqlar mənim həbsxanada zəhərləndirildiyimi və simptomlarıma məhz bunun səbəb olduğunu müəyyən ediblər. Dözməyə çalışıram”, - deyə Saakaşvili məktubunda qeyd edib.
Gürcü siyasətçinin məktubuna cavab verən Feygin isə bunları qeyd edib: “Saakaşvili mənə həbsxana hospitalından məktub göndərib. Biz nəsə etməsək, Mixail öləcək”.
Qeyd edək ki, bir müddət əvvəl Mixail Saakaşvilinin anası Giuli Alasaniya oğlunun bədənindən zəhərli metalların aşkar olunduğunu qeyd edib. Siyasətçinin vəkilləri və anası Saakaşvilinin bilərəkdən zəhərləndirilməsinə dair şübhələrin olduğunu bildirib.