Gərginlik artır: Çin təlim adı ilə Tayvanla hava sərhədini pozdu

15:45 26 Dekabr 2022

Tayvan Müdafiə Nazirliyi Çİnin keçirdiyi təlimə əksəriyyəti döyüş təyyarəsi olmaqla 71 təyyarə və 7 döyüş gəmisinin qatıldığını, silahlı pilotsuz uçuş aparatlarından (SİHA) da istifadə edildiyini açıqlayıb.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, təlim zamanı 43 Çin döyüş təyyarəsinin iki ölkə arasında faktiki sərhəd sayılan Tayvan boğazının orta xəttini keçdiyi də açıqlanıb.

Çin ordusundan verilən açıqlamada, hücum təliminin “Tayvan və ABŞ-ın təxribatlarına cavab vermək üçün” həyata keçirildiyi qeyd edilib.

Tayvan prezidenti Tsai İnq-Ven adanın mülki müdafiə sistemini müzakirə etmək üçün bu gün yüksək səviyyəli təhlükəsizlik toplantısı keçirəcək. Çin Tayvan adasını separatçı bölgə kimi görür. Pekin administrasiyası Tayvanda müstəqil inzibati strukturun mövcudluğundan və Tayvanın digər ölkələr tərəfindən müstəqil dövlət kimi tanınmasından narahatdır. Tayvan isə öz inzibati strukturuna malikdir və Çinin  iddialarını tanımır. Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olan 193 ölkədən yalnız 13-ü Tayvanı rəsmi olaraq tanıyır. Amma Tayvan BMT-nin nəzərində “müstəqil ölkə” statusuna malik deyil.

Xatırladaq ki, Çin və Tayvan arasında gərginlik son altı ayda artıb. Çin administrasiyası ABŞ-ın təhlükəsizlik dəstəyi olaraq Tayvana 10 milyon dollarlıq yardım büdcəsini bu yaxınlarda təsdiq etməsindən xüsusilə narazıdır. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin yayda Tayvana səfəri Çinin sərt reaksiyasına səbəb olmuş və avqust ayında Çin adanın ətrafında geniş hərbi təlimlər keçirmişdi. 

Nərgiz,

Sitat.info



Xəbər xətti