Birləşmiş Millətlər Təşkilatından Talibana çağırış: Biz çox narahatıq

13:00 28 Dekabr 2022

Ötən həftələrdə Əfqanıstanda qızların məktəbə getməsini qadağan edən Talibana Birləşmiş Millətlər Təşkilatından xəbərdarlıq gəlib. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Talibanı əfqan qadınlarına qoyulan qadağaları ləğv etməyə çağırıb. 

Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Talibanı qadınların ictimai həyatda iştirakını məhdudlaşdıran qərar və təcrübələrini ləğv etməyə çağırıb. BMT Təhlükəsizlik Şurasının verdiyi bəyanatda Talibanın qadınların universitetlərə girişini dayandırmasından çox narahat olduğu ifadə edilib.

Əfqan qızların 6-cı sinifdən sonra məktəbə getməsinə mane olan qərarı pisləyən bəyanatda Əfqanıstandakı qadın və qızların ölkədə tam, bərabər və birmənalı şəkildə iştirak etməsi tələb edilib.

Şura Talibanı məktəbləri yenidən açmağa və insan hüquqlarına və əsas azadlıqlara hörmətin "artan eroziyasını təmsil edən" siyasət və təcrübələri tez bir zamanda ləğv etməyə çağırıb.

Əfqanıstanda QHT və beynəlxalq təşkilatlarda qadınların işə götürülməsinə qoyulan qadağanın aradan qaldırılmasını tələb edən Şura bu qadağanın ölkədə humanitar yardım əməliyyatlarına ciddi təsir edəcəyini vurğulayıb.

Dekabrın 24-də Taliban qeyri-hökumət təşkilatlarının qadın işçiləri ilə işləməsini növbəti xəbərdarlığa qədər dayandırıb.

Taliban müvəqqəti hökumətinin İqtisadiyyat Nazirliyinin sözçüsü Əbdürrəhman Həbib bildirib ki, nazirlik sözügedən qərarı ölkədəki bütün QHT-lərə göndərib və bu qərara əməl olunmalıdır. Qeyd olunub ki, qadın kadrların işinə xitam verməyən QHT-lərin lisenziyası ləğv ediləcək.

Taliban Keçid Hökumətinin Ali Təhsil Nazirliyi dekabrın 20-də Əfqanıstandakı bütün dövlət və özəl universitetlərə göndərdiyi təlimatla qadın tələbələrin təhsilinin növbəti xəbərdarlıqa qədər dayandırıldığını açıqlayıb.

Ötən il avqustun 15-də Taliban ölkəni ələ keçirdikdən sonra dövlət və özəl sektorda çalışan bir çox qadın işlərini itirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti