ABŞ və Kanadada tüğyan edən soyuq və qar fırtınası nəticəsində ABŞ-da ən azı 63 nəfər həyatını itirib.
Sitat.info xəbər verir ki, fırtınadan ən çox zərər çəkən Nyu York əyalətinin Buffalo şəhərində ölənlərin sayı 28-ə çatıb.
Şəhərdəki bəzi evlərin qarşısında nəhəng buzlaqlar əmələ gəlib. Zəruri olmadıqca küçəyə çıxmamağa çağırış edilib, avtomobil idarə etməyə qadağa tətbiq edilib. Fövqəladə vəziyyət dövründə şəhərdə talanlar da qeydə alınıb.
Axtarışlar davam etdiyi üçün ölənlərin sayının artacağı gözlənilir. Həftəsonu ölkədə 250 min evdə elektrik enerjisinin kəsildiyi təxmin edilir.
Nyu York əyalətinin qubernatoru Keti Hochul Buffaloda bütün yanğınsöndürən maşınların qarda qalanları xilas etmək üçün yola çıxdığını və qar səbəbindən yolda qaldığını açıqlayıb. 1977-ci ildə baş verən böyük fırtınadan sonra Buffalonun tarixin ən şiddətli fırtınası ilə üzləşdiyini söyləyən Hochul şəhərin "müharibə zonasına çevrildiyini" qeyd etdi.
Minlərlə uçuşun ləğvi səbəbindən bir çox insan Milad bayramında ailələrini ziyarət edə bilməyib. Qar və şaxta 55 milyon amerikalının həyatına təsir edib.
Seymur,
Sitat.info