"Karyeram ərzində indiyədək belə sakit, mehriban baş məşqçim olmayıb".
Sitat.info-nun məlumatına görə, bunu "Qarabağ"ın sabiq futbolçusu Patrik Andrade hazırda çıxış etdiyi Serbiya "Partizan"ının baş məşqçisi Qordan Petriç barədə danışarkən deyib.
Kabo-verdeli yarımmüdafiəçi 54 yaşlı mütəxəssisin oyunçulara heç vaxt qışqırmadığını bildirib: "Açığı, bu mənim üçün yeni bir şeydir. O, hər zaman yanımızdadır. Futbolçulara hər şeyi yaxşı başa salır. Bizim işimiz isə onu yerinə yetirməkdir".
Qış toplanışını da dəyərləndirən 30 yaşlı oyunçu məşqlərin ağır keçdiyini söyləyib: "Çətin olsa da, qorxulu deyildi. Bolqarıstan və Azərbaycan kimi ölkələrdə oynamışam. Orada da mövsümün ikinci hissəsinə daha yaxşı hazırlaşmaq üçün çox qaçır və işləyirdik".
Qeyd edək ki, Patrik Andrade "Qarabağ"ı "Partizan"a ötən ilin yayında dəyişib.