Türkiyənin energetika naziri Bakıya səfər edəcək

12:45 2 Fevral 2023

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz sabah baş tutacaq Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısında iştirak etmək üçün Bakıya səfər edəcək.

Bu barədə Sitat.info “Anadoly” xəbər agentliyinə istinadən məlumat verib.

Toplantıda F. Dönməz Türkiyənin enerji ticarət mərkəzi hədəfində çatdığı son nöqtə ilə bağlı məlumat verəcək.

F. Dönmezin səfəri çərçivəsində Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson da daxil olmaqla bir çox ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur. O, həmçinin fevralın 14-də keçiriləcək İstanbul Qaz Zirvəsinə həmkarlarını və sektor nümayəndələrini dəvət etmək niyyətindədir.

Xatırladaq ki, sabah Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında beynəlxalq enerji şirkətlərinin və maliyyə qurumlarının iştirakı gözlənilir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı 2021-ci il fevralın 11-də, səkkizinci toplantı isə 2022-ci ilin fevralın 4-də keçirilib.



Xəbər xətti