Fransa prezidenti Emmanuel Makron və İsrailin baş naziri Binyamin Netanyahunun İrana qarşı birgə hərəkət etmək qərarına gəldiyi bildirilir.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, rəsmi təmaslar üçün Fransanın paytaxtı Parisə gələn Netanyahunu Makron dünən Yelisey sarayında qəbul edib.
Yelisey Sarayından verilən açıqlamaya görə, Makron və Netanyahu dünən axşam birlikdə nahar edib və başda İran və Fələstin olmaqla bir çox regional məsələləri müzakirə ediblər.
Fələstin ərazilərindəki mövcud vəziyyətlə bağlı narahatlıqlarını Netanyahuya çatdıran Makron, Fələstinli və İsrail vətəndaşları arasında can itkisinə səbəb olan zorakılıq spiralını gücləndirəcək fəaliyyətlərdən qaçınılması lazım olduğunu xatırladıb.
Fransanın Məscidül-Əqsanın tarixi status-kvosuna sadiqliyini xatırladan Makron Netanyahuya “gələcəkdə Fələstin dövlətinin yaranma ehtimalı”na və bölgədə sülh ümidlərini sarsıdan qeyri-qanuni məskunlaşma fəaliyyətlərinə qarşı olduğunu bildirib.
“İranın Rusiyaya dəstəyi sanksiyaları artırır”
Makron və Netanyahu İranın nüvə problemini də müzakirə ediblər. Fransa prezidenti İranın nüvə proqramında şəffaf olmasının vacibliyinə işarə edərək, əks halda nəticələrin qaçılmaz olacağı ilə bağlı xəbərdarlıq edib. Makron və Netanyahu İranın regionda sabitliyi pozan fəaliyyətləri ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.
Fransa prezidenti Makron xatırladıb ki, Rusiyanın Ukraynadakı təcavüzünü dəstəkləməsi İranı sanksiyalara məruz qoyacaq.
Makron və Netanyahu İrana qarşı birgə işləməyə qərar verib, ölkələri arasında strateji tərəfdaşlığı dərinləşdirmək və bütün sahələrdə ikitərəfli əlaqələri gücləndirmək istəklərini ifadə ediblər.
Məğrur,
Sitat.info