Kanadadan Uyğur türkləri ilə bağlı mühüm qərar

15:45 3 Fevral 2023

Kanada Çindən başqa ölkələrə qaçan, lakin geri qayıtmaları üçün təzyiqlərə məruz qalan 10 min uyğur türkünə vətəndaşlıq verilməsinə qərar verib.

Sitat.info xəbər verir ki, Kanadaya gətiriləcək uyğurların səyahət xərclərinin hökumət tərəfindən qarşılanması üçün deputat Sameer Zuberinin təqdim etdiyi təklif parlamentdə yekdilliklə qəbul edilib. Proqramın 2024-cü ildə başlaması gözlənilir.

Jurnalistlərə açıqlama verən liberal deputat Zuberi bildirib ki, uyğur qaçqın proqramına bütün siyasi partiyaların dəstəyi çox vacibdir.

Kanadanın İmmiqrasiya naziri Şon Freyzer: "Kanada müdafiəyə ehtiyacı olanlara kömək etmək üçün hər zaman üzərinə düşəni edəcək”, - deyə bildirib.

Kanadalı qanunvericilər 2021-ci ilin fevralında Çinin Sincan bölgəsindəki uyğurlara qarşı siyasətini "Soyqırım" kimi tanımaq qərarına gəliblər. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Çindəki konsentrasiya düşərgələrində uyğur və digər müsəlman azlıqlardan ən azı 1 milyon insan həbsdədir. İnsan haqları təşkilatları Pekini bu icmalarda qadınları zorla sterilizasiya etməkdə ittiham edir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti