Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra ölkə daxilində 7 günlük matəm elan edilib. Fəlakətdən sonra dünyanın dörd bir yanından yardım və dəstək yağarkən, NATO-nun Belçikanın paytaxtı Brüsseldəki qərargahında bayraqlar yarıya endirilib, “Türk xalqı ilə həmrəyik” mesajı verilib.
Sitat.info xəbər verir ki, Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələlərə görə həmrəylik nümayiş etdirmək üçün NATO-nun qərargahındakı bayraqlar yarıya endirilib.
Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahı qarşısındakı 30 müttəfiq ölkənin bayraqları Türkiyə və türk xalqı ilə həmrəyliyə görə və zəlzələdə həyatını itirənlər üçün sabah axşama qədər yerində qalacaq.
Türkiyənin NATO-dakı Daimi Nümayəndəliyinin sosial mediada verdiyi açıqlamada bildirib ki, bu mənalı və güclü həmrəylik mesajı ilə dünəndən bəri ölkəmizə göndərdikləri yardıma görə müttəfiqlərimizə səmimi təşəkkür edirik.
NATO-nun sözçüsü Oana Lunqesku da bildirib ki, NATO üzvü olan ölkələr zəlzələ bölgəsində köməyə ehtiyacı olanlara dəstək olmaq üçün yardım səylərini səfərbər ediblər.
Seymur Bənnayev
Sitat.info