Mərkəzi Kahramanmaraş olan 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər nəticəsində Hatayın İskenderun rayonunda dəniz səviyyəsi qalxıb. Sahil boyu yolları, meydanları və iş yerlərini su basıb. Risk səbəbindən bulvardakı binalar və iş yerləri boşaldılıb.
Sitat.info xəbər verir ki, Türkiyəni sarsıdan iki güclü zəlzələdən sonra Hatayın İskenderun rayonunun Çay Mahallesi sahil yolunda, Metr Aslan bulvarı istiqamətində dəniz səviyyəsi qalxıb. Sahil zolağında dəniz səviyyəsinin qalxması səbəbi ilə küçələri su basıb. Bulvardakı yaşayış binaları, iş yerləri boşaldılıb.
Zəlzələdən 2 gün keçməsinə baxmayaraq dənizin səviyyəsinin çəkilməməsi diqqət çəkib. Həm zəlzələ riski, həm də dənizin səviyyəsinin qalması səbəbi ilə şəhəri su basması səbəbindən sahil zolağındakı evlər boşaldılıb.
İskenderun Qubernatorluğu bölgə əhalisini qəzalı evlərə girməmələri və sahil bölgəsində dənizin daşması səbəbindən yaşana biləcək problemlərə qarşı xəbərdarlıq edib. İnsanlar təbii fəlakətdən sonra parklarda və bağlı küçə bazarlarında qalmağa çalışırlar.
Seymur Bənnayev
Sitat.info