Azərbaycanın FIFA referisi Elçin Məsiyev Polşada Ukraynanın "Rux" (Lvov) və İtaliyanın "İnter" komandaları arasında keçirilən UEFA Gənclər Liqasının pley-off oyununu idarə edib.
Sitat.info-nun məlumatına görə, oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Matçda əlavə vaxt oynanılmayıb və qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən (4:3) Lvov təmsilçisi sensasiyaya imza ataraq, adını növbəti mərhələyə yazdırıb.
Məsiyev qarşılaşma ərzində 5 dəfə əlini cibinə atıb. O, "Rux"dan 4, "İnter"dən isə 1 futbolçuya sarı vərəqə göstərib.