İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyi qarşısında Qurani-Kərimin yandırılmasını nəzərdə tutan təxribat xarakterli hərəkət üçün polisə müraciət edilib.
Stokholm polisi sözügedən mənfur hərəkətə “milli təhlükəsizliyə ciddi təhdidlər yarada bilər” əsaslandırması ilə icazə verməyib.
Sitat.info xəbər verir ki, Stokholm polisinin sözçüsü Ola Österlinq verdiyi açıqlamada, təxribat xarakterli hərəkətlə bağlı İsveç daxili təhlükəsizlik təşkilatı SAPO ilə əlaqə saxladığını bildirib və Quran yandırılması ilə bağlı son hərəkətlərdən sonra İsveçə qarşı təhdid mənzərəsinin dəyişdiyini deyib.
Danimarkadakı partiya sədri, ifrat sağçı Rasmus Paludan yanvarın 21-də İsveç polisinin icazəsi ilə Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırmışdı. O, Məhəmməd peyğəmbərə qarşı təhqiramiz karikatura ilə plakat açmışdı. Xatırladaq ki, Paludanın bu çirkin hərəkətinə başda Türkiyə olmaqla bütün dünya reaksiya verib və bir çox ölkələrdə etiraz aksiyaları keçirilib.
Səid İsaoğlu,
Sitat.info