Fransanın Lion şəhərini elektrik enerjisi ilə təmin edən ölkənin ən qədim atom elektrik stansiyasında radioaktiv sızma aşkar edilib.
Sitat.info xəbər verir ki, Ölkənin əsas enerji təminatçısı EDF-dən verilən açıqlamada, 2022-ci ilin dekabrında Liondan 30 kilometr uzaqlıqda yerləşən Bugey Atom Elektrik Stansiyasında iki reaktorun tullantı sularında aparılan ölçmələrdə yüksək səviyyədə tritium sızmasının müşahidə edildiyi bildirilib.
Açıqlamada, ilk ölçmələrdə reaktorlardan birində yüksək sürətlə radioaktiv sızma aşkar edildiyi, sonrakı ölçmələrdə yüksək sürətlə olmasa da əhəmiyyətli radioaktiv tapıntıların müşahidə edildiyi bildirilib.
Buna baxmayaraq, bu sızmanın nəticələrinin təhlükəli olmadığı bildirilib və radioaktiv sızmanın yeraltı sulara, o cümlədən içməli sulara qarışma ehtimalının olmadığı qeyd edilib.
Açıqlamada yanvarın 6-na olan məlumata görə, radioaktiv sızma səviyyəsinin təhlükə həddindən aşağı düşdüyü açıqlanıb.
Mütəxəssislər elektrik stansiyasının altında yüzlərlə kilometr uzunluğunda boru şəbəkəsinin olmasına və stansiyanın yaxınlığındakı borulara texniki qulluq göstərilsə belə, uzaqdakıların köhnəlməsi səbəbindən bunun təhlükə yaratdığına diqqət çəkirlər.
Qeyd edək ki, EDF bu yaxınlarda texniki xidmətə etinasızlıq göstərdiyinə görə 3000 avro cərimələnib.
2022-ci ilin avqustunda reaktorda yanğın baş vermiş ölkənin bu ən qədim atom elektrik stansiyasında indiyədək ümumilikdə 5 radioaktiv sızma aşkar edilib.
Seymur Bənnayev
Sitat.info