Fransa Rusiyanın Yeni Strateji Silahların Azaldılması Müqaviləsindən (START) çıxmaq qərarından təəssüfləndiyini bildirib.
Sitat.info xəbər verir ki, Fransa Rusiyanın Yeni Strateji Silahların Azaldılması Müqaviləsindən (START) çıxmaq qərarından təəssüfləndiyini bildirib. Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Fransa hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin ölkəsinin “New Start”da iştirakını dayandırmasından təəssüflənir. Rusiyanın ABŞ-ın nüvə sınağı keçirəcəyi təqdirdə buna bənzər cavab verməyə hazır olduğunu bildirməsinin narahatlıq doğurduğu bildirilib və “Yeni Start”ın beynəlxalq nüvə silahlarının idarə olunması və strateji sabitliyin qorunması baxımından əhəmiyyətli olduğu diqqətə çatdırılıb.
NATO müttəfiqlərinin fevralın 3-də Rusiyanın öhdəliklərinə əməl etməməsi səbəbindən bu müqavilənin zəiflədilməsi ilə bağlı narahatlıqlarını ifadə etdiklərini xatırladan bəyanatda, NATO-nun Rusiyanı öhdəliklərini yerinə yetirməyə və tezliklə müqaviləyə qayıtmağa çağırdığı bildirilib.
Bəyanatda qeyd olunub ki, Paris Moskvanı nüvə müharibəsinin və silahlanma yarışının qarşısının alınması ilə bağlı 3 yanvar 2022-ci il tarixli bəyannaməsinə əməl etməyə dəvət edib. Putin dünən bildirib ki, Rusiya qitələrarası nüvə ballistik raket imkanlarını cilovlamağı qarşısına məqsəd qoyan ABŞ-la Yeni START-da iştirakını dayandıracaq.
Seymur Bənnayev
Sitat.info