Ramil Şeydayev: "Sabahkı oyunda qol borcumu qaytarmağa çalışacağam"

22:28 22 Fevral 2023

"Bakıdakı görüşdən sonra da dediyim kimi, komandama qol borcum var. Sabah imkan olsa, borcumu qaytarmağa çalışacağam".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Ramil Şeydayev Belçikada "Gent"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

Bakıdakı ilk qarşılaşmada penaltini boşa verən 27 yaşlı hücumçu bildirib ki, bu cür hallar hər kəsin başına gələ bilər: "Daha böyük turnirlərdə və daha vacib matçlarda penalti zərbələrinin qolla nəticələnmədiyini dəfələrlə görmüşük. Odur ki, burada qorxulu heç nə yoxdur. Psixoloji durumuma heç bir təsiri olmadı".

O, cari mövsümün sonunda Ağdam klubundan ayrılacağı ilə bağlı xəbərlərə də aydınlıq gətirib: "Bu barədə çox yazırlar. Çoxu həqiqəti əks etdirmir. Hazırda ümumiyyətlə bu barədə düşünmürəm. Bütün diqqətim qarşıdakı vacib oyunlardadır. Həmin matçlardan sonra nələrin olacağına baxarıq".

Qeyd edək ki, fevralın 23-də "Gelamko Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.



Xəbər xətti