Rusiya-Ukrayna müharibəsinin birinci ilində Rusiya İran, Suriya və Şimali Koreya kimi ölkələri geridə qoyaraq dünyanın ən sanksiyaya məruz qalan ölkəsi oldu.
Sitat.info xəbər verir ki, Rusiyanın Ukraynadakı müharibəsindən bir il sonra Qərb ölkələri Rusiyaya ağır iqtisadi bədəl ödəmək üçün çoxsaylı sanksiyalar tətbiq ediblər.
Davam edən hücumlarla zaman keçdikcə sanksiyaların əhatə dairəsi genişləndi və maliyyə, enerji, nəqliyyat, media, texnologiya, avtomobil, idman və ticarət kimi bir çox sahədə Rusiyaya qarşı sanksiyalar tətbiq edildi.
Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ümumi sayı 14 mini keçib
Castellum.ai qlobal sanksiyaların monitorinqi məlumat bazasının məlumatına görə, Rusiya 22 fevral 2022-ci il tarixindən etibarən 11 327 yeni sanksiyaya məruz qalıb.
Müharibədən əvvəlki vaxtdan bu günə qədər Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ümumi sayı 14 min 22-yə çatıb.
Bu rəqəmlə Rusiya İranı 4268, Suriyanı 2643, Şimali Koreyanı 2133 sanksiya ilə geridə qoyub.
Dünyada ən çox sanksiya tətbiq edilən ölkələr siyahısında Belarus 1155, Venesuela 651 və Myanma 839 sanksiya ilə yer alıb.
Rusiyaya qarşı ən çox sanksiyalar ABŞ-dan gəlib
22 fevral 2022-ci il tarixindən etibarən Rusiyaya qarşı ən çox sanksiya tətbiq edən ölkə 1948 sanksiya ilə ABŞ olub.
ABŞ-ı 1782 sanksiya ilə İsveçrə, 1590 sanksiya ilə Kanada, 1429 sanksiya ilə İngiltərə, 1390 sanksiya ilə Avropa Birliyi (Aİ), 1324 sanksiya ilə Fransa, 945 sanksiya ilə Avstraliya və 919 sanksiya ilə Yaponiya izləyir.
Həmin tarixdən etibarən Rusiyaya qarşı sanksiyaların 9117-si fiziki şəxslərə, 290-ı təşkilatlara, 96-sı gəmilərə, 24-ü isə təyyarələrə şamil edilib.
İlk sanksiya Ukraynanın şərqindəki qondarma hökumətlərin tanınmasından sonra tətbiq edilib.
Qeyd edək ki, 2022-ci il fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində rusiyayönlü separatçıların qondarma hakimiyyətinin tanınması haqqında fərman imzalayıb.
Putinin qərarına cavab olaraq Qərb ölkələri 22 fevral 2022-ci il tarixindən etibarən Rusiyaya qarşı ilk sanksiyalarını elan etməyə başlayıb.
Seymur Bənnayev
Sitat.info