Türkiyənin NATO üzvlüyünə təsdiqini gözləyən İsveçdə baş nazir Ulf Kristersson və xarici işlər naziri Tobias Billström proseslə bağlı yeni açıqlamalar verib.
Sitat.info xəbər verir ki, İsveç baş naziri Kristersson Türkiyə ilə üzvlük prosesi ilə bağlı danışıqların mart ayında yenidən başlayacağını açıqlasa da, Billström iyulda keçiriləcək NATO sammitində üzvlük məqsədlərinə çatacaqlarına ümid etdiklərini bildirib.
Ölkəsindəki SVT kanalına danışan Kristersson Türkiyə ilə təmaslar nəticəsində danışıqların bərpası üçün martın ortalarında bir tarix təyin olunduğunu və Ankaradan təsdiq gözlədiklərini açıqlayıb. Amerikanın CNBC kanalına danışan nazir Billström, Türkiyə ilə imzalanan müqaviləyə toxunaraq bildirib: “Söz verdiyimiz hər şeyi yerinə yetirmək üçün çox çalışdıq. Hazırda Türkiyə parlamentinin təsdiqi prosesinə başlamaq prosesindəyik”.
Finlandiya və İsveç Türkiyənin NATO-ya üzvlük üçün təsdiqini gözləyərkən, Türkiyə İsveçin hələlik müqavilənin bütün şərtlərini yerinə yetirmədiyini bildirir.
Seymur Bənnayev
Sitat.info