Zelenski: Mən daha Putinlə masa arxasında oturmayacağam

11:25 27 Fevral 2023

Ukrayna prezidenti Volodimir Zelenski bir daha dünyaya bəyan edib ki, Rusiya lideri Vladimir Putini həmsöhbət kimi görmürəm. Putinin müharibənin əvvəlində masa arxasında oturmaqdan imtina etdiyini xatırladan Zelenski bildirib: “Liderlərin görüşü təyin olunsa, dəvət edilsəm, getməyəcəyəm”.

Sitat.info xəbər verir ki, Ukrayna lideri Kiyevdə mətbuata açıqlamasında Türkiyənin yeni təşəbbüslə səhnəyə çıxıb-çıxmaması ilə bağlı sualı cavablandırıb. O, bildirib: “Türkiyə prezidenti cənab Ərdoğan ölkəmiz üçün bir sıra mühüm işlərə imza atıb. Birincisi, taxıl dəhlizi sazişinə böyük töhfələr verdilər. Onun ikinci yardımı, ruslar bizim Mariupol şəhərimizi tutanda oradakı dəmir-polad zavodunda girov götürülən əsgərlərimizin dəyişdirilməsinə təşəbbüs göstərdi. Rusiya ilə görüşə gəlincə, Türkiyə prezidenti mənim bu məsələ ilə bağlı fikirlərimi bilir. O, çox yaxşı bilir ki, mən Putinlə görüşə razılıq verməmişəm. Təxminən bir il əvvəl, müharibənin başlamasına bir neçə gün qalmış mən ondan və digər dünya liderlərindən xahiş etdim ki, böyük və dağıdıcı müharibə başlamazdan əvvəl Putini danışıqlar masasına oturmağa razı salsınlar. Bir il əvvəl heç kim Putini mənimlə görüşməyə razı sala bilmədi. İndi onun danışıqlar masasına otura biləcəyi ehtimalı var. Xeyr. Artıq yox. İndiki məqamda Rusiyanın başında duran o adamı həmsöhbət kimi görmürəm. İstanbulda mümkün liderlərin görüşü təşkil edilsə və məni dəvət etsələr belə, gedib o masaya oturmaram".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti