"Qarabağ" avrokuboklarda bir neçə dəfə bəxtsizliklə üzləşib. Bu dəfə də bunun qurbanı oldu".
Bunu “Report”a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli Ağdam klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika təmsilçisi "Gent"ə məğlub olaraq mübarizəni dayandırması ilə bağlı danışarkən deyib.
2010-2019-cu illərdə "köhlən atlar"ın formasını geyinmiş albaniyalı keçmiş müdafiəçi komandanın cavab qarşılaşmasında yaxşı çıxış etdiyini bildirib: "Gentdəki oyun heç də pis alınmamışdı. Hətta deyərdim ki, bəzi komponentlərdə "Qarabağ" rəqibi üstələyirdi. Ancaq təəssüf ki, ikinci hissədə bir az eniş yaşandı. Cəmi bir epizodda konsentrasiyanı itirdilər, onda da rəqib qol vurdu. Penaltilər isə bəxtdən asılıdır. Fikrimcə, "Gent" hər iki matçda əlahiddə bir iş ortaya qoymadı".
Aqolli "Qarabağ"dan 2023/2024 mövümündə avrokuboklarda daha uğurlu nəticə gözləyir: "Bu komanda ildən-ilə güclənir, inkişaf edir. Şəxsən mən növbəti mövsüm onların Avropa arenasında daha parlaq çıxış edəcəyini düşünürəm. Çünki heyətində kifayət qədər təcrübəli oyunçular var".
Qeyd edək ki, "Qarabağ"la "Gent" arasında keçirilən hər iki oyunda ev sahibi komanda 1:0 hesablı qələbə qazanıb. Cavab matçının penaltilər seriyasında 5:3 hesabı ilə qalib gələn Belçika klubu 1/8 finala adlayıb.