Yaponiyada 1987-ci ildən bəri 6.852 olaraq bilinən adaların sayı son siyahıyaalma ilə 14.125-ə yüksəlib.
Sitat.info xəbər verir ki, ölkənin milli torpaq xəritəsi və ölçmə agentliyi olan Yaponiya Məkan İnformasiya Agentliyi (GSI), 36 il əvvəl Yaponiya Sahil Mühafizə Qüvvələri tərəfindən sayılan ölkə sərhədlərindəki adaları ən son texnoloji imkanlardan istifadə edərək yenidən araşdırıb.
Araşdırma nəticəsində ölkədə cəmi 14.125 ada olduğu müəyyən edilib. Son siyahıyaalmada, yalnız sahəsi 100 kvadratmetrdən çox olan təbii adalar nəzərə alındıqda, Naqasaki əyaləti 1479 ada ilə ən çox ada olan əyalət olub, onu 1473 ilə ölkənin şimalındakı Hokkaydo əyaləti izləyib.
Kaqoşima əyaləti 1256 ada ilə siyahıda üçüncü yeri tutarkən, İvate əyalətində 861, Okinava əyalətində isə 691 ada olduğu müəyyən edilib.
Bildirilib ki, ölkə sərhədləri daxilində adaların sayının iki dəfədən çox artması yoxlama və müşahidə texnologiyalarının inkişafının nəticəsidir.
Seymur Bənnayev
Sitat.info