Bu il Litvanın Müdafiə Nazirliyinə 100 milyon avroya yaxın əlavə vəsait ayrılıb.
Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə Baltikyanı ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
“Müdafiə qabiliyyətinin gücləndirilməsi hökumətin prioritet məsələsidir. Hazırkı Nazirlər Kabinetinin fəaliyyətə başladığı vaxtdan müdafiə xərcləri 73% artıb. Müdafiə Nazirliyi sistemi əlavə olaraq 97,6 milyon avro məbləğində maliyyələşdiriləcək”, - məlumatda Litvanın maliyyə naziri Gintare Skaystedən sitat gətirilib.
Hərbi ehtiyaclar üçün əlavə ayırmalar Litvanın ümumi daxili məhsulunun (ÜDM) 2023-cü il ərzində artımı istiqamətində proqnoza yenidən baxılması çərçivəsində ayrılır. Ölkə parlamenti cari ilin dövlət büdcəsini təsdiq edərkən müdafiənin ÜDM-in 2,52 faizi həcmində maliyyələşdirilməsini nəzərdə tuturdu. Başqa sözlə, ÜDM artırsa, hərbi ehtiyacların payı da artmalıdır.