İranın müxtəlif şəhərlərindəki məktəblərdə təxminən 3 aydır müşahidə edilən kütləvi zəhərlənmə halları ilə bağlı araşdırmalar davam edərkən, Ərdəbil vilayətində 400-dən çox şagirdin zəhərləndiyi bildirilir.
Sitat.info xəbər verir ki, “Asriran” saytının xəbərinə görə, Ərdəbil Tibb Elmləri Universitetinin rektoru Əli Muhammediyan ötən gün əyalətdə 11 məktəbdə 400-dən çox tələbə qızın zəhərləndiyini bildirib.
Muhammediyan 302 şagirdin bir neçə saat ərzində ilk müalicəsindən sonra evə buraxıldığını, 100 şagirdin isə müşahidə altında saxlanıldığını bildirib.
Tələbələrin vəziyyətinin yaxşı olduğunu qeyd edən Muhammediyan, lazımi müdaxilə ilə yanaşı, müayinələrin də aparıldığını və ətraflı məlumatın daha sonra ictimaiyyətlə paylaşılacağını əlavə edib.
İranda 2022-ci il noyabrın 30-dan etibarən məktəblərdə kütləvi zəhərlənmə halları diqqət çəkir. Qum, Loristan, Tehran, Ərdəbil, Kirmanşah, Simnan, Mazandaran, Caharmahal Bəxtiyari, Elborz və bir sıra əyalətlərdə 3 ayda təxminən 2000 tələbənin zəhərləndiyi təxmin edilir.
Dünən Tehranda keçirilən Nazirlər Şurasının iclasında, şübhəli zəhərlənmə hadisələrinin araşdırılmasının daxili işlər naziri Əhməd Vahidiyə həvalə edildiyi bildirilib.
Seymur Bənnayev
Sitat.info