Ukrayna: Rusiyada Ukraynanın “təxribat qrupu” iddiası klassik təxribatdır

17:30 2 Mart 2023

Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak Rusiyanın Ukraynanın “təxribat qrupları” tərəfindən hücumlar həyata keçirməsi iddiasını “klassik təxribat” kimi qiymətləndirib.
Sitat.info xəbər verir ki, Podolyak sosial şəbəkə vasitəsilə Rusiyanın Bryansk vilayətində Ukraynanın "təxribat qrupları" ilə bağlı açıqlama verib.

O, bildirib: "Ukraynanın Rusiyadakı "təxribat qrupları"nın hekayəsi klassik təxribatdır. Rusiya başqa ölkəyə hücuma və bir illik müharibədə artan yoxsulluğa birtəhər bəraət qazandırmaq üçün öz xalqını qorxutmaq istəyir. Bu arada, Rusiyada partizan hərəkatı güclənir və aqressivləşir, öz partizanlarınızdan qorxun”.

Rusiyada Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Ukraynanın "təxribat qrupu"nun bölgədəki kəndlərdən birində silahlı hücumu nəticəsində bir nəfərin öldüyünü və Rusiya Silahlı Qüvvələrinin bu qrupun məhv edilməsi üçün lazımi tədbirlər gördüyünü bildirib.

Rusiya mətbuatında yer alan xəbərdə Lyubeçane kəndindəki bazarda təxminən 6 nəfəri girov götürən “təxribat qrupu” ilə Rosqvardiya əsgərləri arasında qarşıdurma yaşandığı bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti