ABŞ İran neftini satan və daşıyan 6 şirkətə sanksiya tətbiq edib

12:39 3 Mart 2023

ABŞ Dövlət Departamenti İran neft və neft-kimya məhsullarını satan və daşıyan 6 şirkətə qarşı sanksiya tətbiq etdiyini bildirib.
Sitat.info xəbər verir ki, Nazirlikdən verilən yazılı açıqlamada, sanksiya tətbiq edilən şirkətlər arasında 1 Vyetnam, 2 Çin, 2 İran, həmçinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mərkəzli şirkətlərin olduğu bildirilib.

Bu şirkətlərə məxsus 20 gəminin də sanksiyalar dairəsinə daxil edildiyi bildirilib.

Açıqlamada sanksiyaya məruz qalan şirkətlərə və qadağan olunmuş gəmilərlə əlaqəli hər kəsə sanksiya tətbiq oluna biləcəyi bildirilib və bu şirkətlərin ABŞ-dakı və ABŞ şəxslərinin nəzarətində olan bütün əmlaklarının Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət Ofisinə bildirilməsinin vacibliyi qeyd edilib.

ABŞ dövlət katibi Antoni Blinken verdiyi açıqlamada bildirib: "ABŞ İranın enerji ixracatını əhəmiyyətli dərəcədə azaltmaqda qərarlıdır. İranın neft və neft-kimya ticarətini asanlaşdıranlara qarşı sanksiyaları davam etdirəcək".

"Bu qərar bizim İrana qarşı sanksiyalar tətbiq etmək səylərimizi gücləndirir. Biz sanksiyalarımızdan yan keçməyə çalışanlara qarşı tədbir görməkdən çəkinməyəcəyik", - Blinken bildirib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi fevralın 10-da İran nefti və neft-kimya məhsullarının istehsalı, satışı və daşınmasında mühüm rol oynayan 9 şirkəti sanksiyalar siyahısına əlavə etdiyini açıqlamışdı.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti