İran səs sürətindən 8 dəfə sürətli olan raket istehsal edir

11:02 7 Mart 2023

İran hərəkətdə olan dəniz nəqliyyat vasitələrini məhv edə bilən və səs sürətindən 8 dəfə sürətlə hərəkət edən “hipersəs ballistik raket” istehsal etdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, İranın yarı rəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, İranın Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri paytaxt Tehranda keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, ölkəsi hərəkətdə olan dəniz maşınlarını məhv edə bilən ballistik raketlər istehsal edir.

Raketin sınaqlarının müvəffəqiyyətlə tamamlandığını və kütləvi istehsalına başlanıldığını bildirən Bakıri bildirib: "İran bu cür raketləri istehsal etməklə bu raketlərə sahib olan 3 ölkədən biri oldu".

Sözügedən ballistik raketin sürətinin 8 mach (səs sürətinin 8 qatı) və mənzilinin 1500 kilometr olduğunu bildirən Bakiri, belə bir raketin olmasının ətrafdakı dənizlərdə 1000 kilometr radiuslu təhlükəsizlik sahəsi yaradacağını bildirib.

Bakiri raketin nə vaxt və harada sınaqdan keçirildiyi barədə məlumat paylaşmayıb.

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Ordusunun Hərbi Hava Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadə də 10 noyabr 2022-ci il tarixində verdiyi açıqlamada ölkəsinin yeni ballistik raket hazırladığını bildirmişdi.

Səs sürətindən 5 qat daha sürətli hərəkət edən hipersəs raketləri hava hücumundan müdafiə sistemləri ilə qarşısı alına bilmir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti