Prezidentin Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Prof. Dr. Çağrı Erhan deyib ki, Qərb dövlətləri prezident Ərdoğanın Putinlə Zelenski arasında görüş təşkil etməsinə qarşıdırlar.
Sitat.info xəbər verir ki, Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü və Altınbaş Universitetinin rektoru Prof. Dr. Çağrı Erhan Rusiyanın Sputnik agentliyinə danışıb.
Erhan bildirib ki, ABŞ və Böyük Britaniya prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Volodimir Zelenski arasında görüş təşkil etməsinə qarşıdır.
Erhan: "ABŞ və Böyük Britaniya Putin və Zelenskinin Ərdoğanla görüşüb ortaq şəkil çəkdirməsini istəmir. Maksimum səviyyədə uzanan müharibə istəyirlər. Ukraynalıların gələcəyini və sülhü düşünmürlər",- deyə bildirib.
Ərdoğanın Putin və Zelenski ilə dialoqu olan yeganə lider olduğuna diqqət çəkən Erhan, prezidentin iki adı bir araya gətirmək üçün üsullar tapma gücünə sahib olduğunu, önəmli olanın ortaq fotoşəkil yox, konkret nəticələr əldə etmək olduğunu qeyd edib. Erhanın fikrincə, ilk nəzərəçarpacaq nəticələr atəşkəs və bəlkə də diplomatik danışıqlardan sonra kompromis olacaq.
Digər tərəfdən, Rusiya mətbuatında yer alan başqa bir xəbərdə Türkiyə-Rusiya-Suriya münasibətlərindən bəhs edilib. Rusiya mətbuatı Dəməşq rejiminin lideri Bəşər Əsədin martın ortalarında rəsmi səfər üçün Moskvaya gedəcəyini yazıb. “Vedomosti” qəzeti Əsədin Vladimir Putinlə görüşə biləcəyini yazıb. Xəbərə görə, toplantının gündəm bəndlərindən biri də Türkiyə ilə Suriya arasındakı normallaşma prosesi olacaq. Bəzi müşahidəçilər Əsədin Moskvaya səfərinin prezident Ərdoğanın iştirakı ilə üçtərəfli zirvə toplantısına çevrilməsi ehtimalının olduğunu iddia edirdilər. Prezidentin Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Erhan mayın 14-nə təyin olunan seçkilərdən əvvəl Ərdoğanla Əsəd arasında görüş ehtimalının az olduğunu bildirib.
Seymur Bənnayev
Sitat.info