Misirin paytaxtı Qahirədə baş verən qatar qəzasında 2 nəfərin öldüyü, 16 nəfərin yaralandığı bildirilib.
Sitat.info xəbər verir ki, dövlətə məxsus “Əxbar əl-Yəvm” qəzetinin xəbərinə görə, qəza sərnişin qatarının relsdən çıxaraq stansiya platformasına çırpılması nəticəsində baş verib.
Misir Səhiyyə Nazirliyi qəza yerinə 20 təcili tibbi yardım maşınının göndərildiyini, ilk təsbitlərə görə 2 nəfərin həyatını itirdiyini, 16 nəfərin isə yaralandığını açıqlayıb.
Xəsarət alanların əksəriyyətinin həyati təhlükəsinin olmadığı bildirilib.
Mövzu ilə bağlı qısa açıqlama verən Misirin Baş prokuroru Həməda əs-Səvi qatar qəzasını araşdırmaq üçün istintaq qrupunun yaradıldığını açıqlayıb.
Bildirilib ki, dəmir yolu xətlərində hərəkətlilik normal vəziyyətə gətirilib.
Seymur Bənnayev
Sitat.info