Lukaşenko: Belarusda hərbi hava limanına hücum edənlər tutuldu

11:38 8 Mart 2023

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsindəki hərbi hava limanında Rusiyanın A-50 model təyyarəsinə pilotsuz uçuş aparatı ilə hücum edənlərin tutulduğunu açıqlayıb.

Sitat.info xəbər verir ki, Lukaşenko, Belarus əsgərlərinin mükafatlandırma mərasimində keçən ay paytaxt Minsk yaxınlığındakı Maçulişçi Hərbi Hava Limanına edilən hücumla bağlı açıqlamalar verib.

Bunun arxasında Ukrayna Təhlükəsizlik Xidməti və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) olduğunu bildirən Lukaşenko: "Bu hadisəyə hazırlıq təxminən 8 ay əvvəl başlayıb. Bir terrorçu yetişdirilib. Bu terrorçunun Rusiya və Ukrayna pasportları var. Bu şəxs Kriviy Riq şəhərində anadan olub və krımda yaşayıb. Onun qohumlarından bəziləri Avstriyada yaşayır. Bu şəxs 2014-cü ildən Ukrayna kəşfiyyatında işə başlayıb",- deyə bildirib.

Təcavüzkarın Polşa, Latviya və Rusiya üzərindən Belarusa gəldiyini qeyd edən Lukaşenko bildirib ki, nəhayət, bu şəxs tutulub. Bu şəxsin Belarus ərazisindəki 20-dən çox ortağı da saxlanılıb. Digərləri isə xaricdə gizlənir.

Sözügedən hadisədə Ukrayna prezidenti Vladimir Zelenskini günahlandıran Lukaşenko bildirib: "Bu cür əməliyyatlar ölkə rəhbərinin xəbəri olmadan həyata keçirilmir. Mən bunu prezident olaraq deyirəm".

Lukaşenko vurğulayıb ki, Belarus müharibədə iştirak etmək istəmir və buna imkan verməyəcək.

Qeyd edək ki, fevralın sonunda Belarusun Maçulişçi Hərbi Hava Limanında Rusiyaya məxsus A-50 model təyyarəsinə pilotsuz uçuş aparatı ilə hücum edildiyi açıqlanmışdı.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti