Rusiya və Ukrayna arasında əsir mübadiləsi

11:25 8 Mart 2023

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi ilə ümumilikdə 220 nəfər azad edilib.

Sitat.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, danışıqlar nəticəsində əsir götürülən və həyati təhlükəsi olan 90 rus əsgəri Kiyev rəhbərliyinin nəzarətində olan ərazidən geri dönüb.

Açıqlamada azad edilən əsgərlərin müalicə və reabilitasiya üçün Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Moskvaya aparılacağı bildirilib və əsgərlərə lazımi psixoloji və tibbi yardımın göstərildiyi bildirilib.

Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak da öz Telegram hesabında Ukrayna ilə Rusiya arasında məhbus mübadiləsi ilə bağlı açıqlama verib:

“Daha bir məhbus mübadiləsi. 4-ü qadın olmaqla 130 əsgərimizi geri qaytara bildik”.

Yermak bildirib ki, onlardan 87-si Mariupolda əsir düşən hərbçilərdir.

Bəhmut və Soledar bölgələrindən 35 əsgəri geri gətirdiklərini izah edən Yermak: “Bu gün geri gətirdiyimiz insanların çoxu ağır yaralıdır. Prezidentimiz Vladimir Zelenskinin dediyi kimi, dövlət onların hər birinə qayğı göstərməlidir. Hər bir qəhrəmanımız hiss etməlidir ki, dövlət onlara qayğı göstərir”,- deyə bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti