Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlament tərəfindən bəyənilməsinə etiraz edilib. Nümayişçilər parlament binasının girişini bağlamağa çalışıb, gürcü polisi gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edib. Bəzi nümayişçilər saxlanılıb.
Sitat.info xəbər verir ki, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi paytaxt Tbilisini qarışdırıb.
Qanun layihəsinin təsdiqindən sonra çoxlu sayda etirazçı parlament binası qarşısına toplaşıb.
Nümayişçilər əvvəlcə parlament binasının girişini bağlamağa çalışıb, daha sonra parlamentə gedən yolu bağlamaq istəyib.
Etirazçılar aksiyaya müdaxilə edən polisə daş və molotov kokteyli atıb. Gürcüstan polisi etirazçılara gözyaşardıcı qazla cavab verib.
Bəzi nümayişçilərin saxlanıldığı açıqlanıb.
Qanuna Gürcüstan prezidenti Zurabişvili də reaksiya verib.
ABŞ-da danışıqlar aparan Zurabişvili telekonfrans vasitəsilə nümayişçilərə müraciət edib.
O, qanunun Rusiyanın göstərişi ilə hazırlandığını iddia edərək, veto hüququndan istifadə edəcəyini bildirib.
Avropa İttifaqı da Gürcüstan parlamentində qəbul edilən qanunun pis hadisə olduğunu və bunun İttifaq və Gürcüstan münasibətlərinə ciddi təsir göstərəcəyini şərh edib.
“Xarici təsirin şəffaflığı haqqında” qanunda nəzərdə tutulub ki, KİV və qeyri-hökumət təşkilatları maliyyə vəsaitlərinin 20 faizindən çoxu xarici mənbələrdən gəlirsə, “xarici agent” kimi qeydiyyata alınırlar.
Müxaliflər "xarici təsir" qanununun ölkəni Aİ üzvlüyündən uzaqlaşdıracağını iddia edirlər.
Seymur Bənnayev
Sitat.info