NATO-ya görə Baxmut tezliklə düşə bilər

17:16 8 Mart 2023

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya və Ukrayna qüvvələri arasında qarşıdurmaların davam etdiyi Ukraynanın Baxmut şəhəri tezliklə Rusiyanın əlinə keçə bilər.

Sitat.info xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Avropa İttifaqı (Aİ) ölkələrinin müdafiə nazirlərinin İsveçdə keçirilən toplantısında iştirak edib.

Görüşdən əvvəl jurnalistlərə açıqlama verən Stoltenberq, son həftələr Baxmut və ətrafında sıx qarşıdurmaların yaşandığını, Rusiyanın bura daha çox əsgər yerləşdirdiyini bildirib.

Rus qüvvələrinin ciddi itkilər verdiyini ifadə edən Stoltenberq bildirib: "Eyni zamanda, Baxmutun yaxın günlərdə düşə biləcəyini də gözardı edə bilmərik. Bu vəziyyətin müharibədə dönüş nöqtəsi olmayacağını vurğulamaq lazımdır. Rusiyanı gözardı edə bilmərik. Ukraynanı dəstəkləməyə davam etməliyik”..

NATO müttəfiqlərinin son bir ildə Ukraynaya 150 milyard avro hərbi, maliyyə və iqtisadi dəstək verdiyini bildirən Stoltenberq bunun 65 milyard avrosunun hərbi dəstək olduğunu qeyd edib.

Ukraynaya dəstək verərkən öz silah və sursat ehtiyatlarını da dolu saxlamağın vacibliyini vurğulayan Stoltenberq, müdafiə sənayesi istehsalını artırmaqla yanaşı, bəzi NATO müttəfiqlərinin birgə satınalmalar üzərində işləməyə davam etdiyini bildirib.

Stoltenberq sabah NATO-nun Brüsseldəki mənzil-qərargahında Türkiyə, İsveç və Finlandiya rəsmiləri arasında keçiriləcək görüşün bir nəticə verib-verməyəcəyi ilə bağlı bir neçə həftə əvvəl prezident Rəcəb Tayyib Ərdoğanla görüşdüyünü xatırladıb.

Bir çox başqa məsələ ilə yanaşı, İsveç və Finlandiyanın üzvlük məsələsini də müzakirə etdiyini bildirən Stoltenberq belə qeyd edib:

"Biz irəliləyiş əldə edirik. Prezident Ərdoğan danışıqların bərpasını qəbul etdi. Sabah NATO-nun mənzil-qərargahında Finlandiya, İsveç və Türkiyə arasında görüş keçiriləcək. Uzun müddət görüşmədən sonra bu görüş özlüyündə önəmlidir. Üzvlük bir prosesdir və prosesin sabah yekunlaşacağını gözləmirəm. Lakin İsveç və Finlandiyanın  NATO-ya üzv olacağına inanıram. Bu, bizim əsas prioritetimizdir".

Məğrur

Sitat.info



Xəbər xətti