ABŞ rəhbərliyi İranın pilotsuz uçuş aparatının (PUA) təchizat şəbəkəsini dəstəkləyən sanksiyalar siyahısına Çində yerləşən 5 şirkət və 1 nəfəri əlavə edib.
Sitat.info xəbər verir ki, ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada İranın beynəlxalq PUA təchizatı şəbəkəsinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) tərəfindən hədəf alındığı bildirilib.
Bu çərçivədə, 5 şirkət və 1 nəfərin sanksiyaya məruz qalacağı ifadə edilən açıqlamada, Çin mərkəzli bu şəbəkənin PUA tətbiqləri üçün istifadə edilə bilən komponentlər də daxil olmaqla minlərlə aviasiya komponentinin İran Təyyarə İstehsalı Sənayesi İdarəsinə (HESA)satışından məsul olduğu ifadə edilib.
Açıqlamada HESA-nın İranın neft tankerlərinə hücum üçün istifadə edilən və Rusiyaya ixrac edilən “Şahed-136 PUA” modelinin istehsalı ilə məşğul olduğu bildirilib.
Açıqlamada PUA komponentlərinin İrana satışı və daşınmasına cavabdeh olan 5 şirkət Koto Machinery, Raven, Guilin Alpha, S&C Trade və Caspro kimi siyahıya alınıb və S&C Trade əməkdaşı Yun Xia Yuanın da sanksiyaya məruz qalacağı qeyd edilib.
Seymur Bənnayev
Sitat.info