Almaniyanın koalisiya hökuməti təşkilatın necə işləyəcəyi və ona kimin rəhbərlik edəcəyi ilə bağlı fikir ayrılıqları səbəbindən Milli Təhlükəsizlik Şurasının yaradılması ilə bağlı razılığa gələ bilməyib.
Sitat.info xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı mənbələrə istinadən yazır.
Qeyd olunub ki, kansler Olaf Şolts (Sosial Demokrat Partiyası – Red) ilə xarici işlər naziri Annalena Berbok (Yaşıllar Partiyası - Red) arasında aylarla davam edən danışıqlar nəticəsiz qalıb. Buna görə layihənin müvəqqəti olaraq təxirə salınması qərara alınıb.
Güman edilirdi ki, yeni qurum kanslerlik ilə müxtəlif nazirliklər arasında mübahisəli məsələlərdə - Çinlə münasibətlər, Malidə hərbi mövcudluq və ya Ukraynaya silah tədarükü ilə bağlı koordinasiyanı təkmilləşdirməli olacaq.
Nəşr bildirib ki, nazir səlahiyyətlərinin bir hissəsini artıq ciddi qərarlar qəbul etməklə məşğul olan kanslerin ofisinə vermək istəmir və kanslerin ofisi qurumun Xarici İşlər Nazirliyinə tabe olmasına qarşıdır. Belə ki, nazirlik müstəqil qərar qəbul etmək hüququna malik olacaq.
Yaşıllar Partiyası Xarici İşlər Nazirliyinin siyasi rolunun azalacağından ehtiyat edir. Partiya nümayəndələri şuranın növbə ilə idarə olunacağı modeli təklif ediblər.